"Şəmkirdə gördüklərimiz bizi heyrətləndirdi"-Rusiyalı iş adamları
"Şəmkirdə gördüklərimiz bizi heyrətləndirdi"-Rusiyalı iş adamları
Xəbər verdiyimiz kimi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov Rusiya Federasiyasından olan qonaqlarla görüş keçirib.
Görüşdən sonra Smolensk Region İxrac Dəstək Mərkəzinin direktoru Astapenkov Maxim Aleksandroviç, "Smolensk İstehsalçıları Birliyi" MMC-nin baş direktoru Donetsk Vladislav Anatolyeviç, "Belarusiya istehsalat şirkəti" MMC-nin təsisçisi Yusifov Səməd Məzahi oğlu və həmin şirkətin icraçı direktoru Yusifov Vüqar Məzahir oğlu “Azforel” MMC və Şəmkir Aqroparkında olublar.
Qonaqlara Şəmkirçay Su anbarının yaxınlığında yaradılan balıqçılıq təsərrüfatı haqqında əyani məlumat verilib. Təsərrüfatla yaxından tanış olan rusiyalı iş adamları belə bir balıq yetişdirmə mərkəzinin dünyada az-az rast gəlindiyini bildiriblər.
Daha sonra qonaqlar Şəmkir Aqroparkı ilə tanış olublar. Rusiyalı iş adamlarına bildirilib ki, Şəmkir aqroparkda respublikada ilk dəfə müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq. Aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika – məhsulları saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış, yaşıl marketlər və fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi nəticəsində rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradılacaq.
Qonaqlar bildiriblər ki, Şəmkir Aqropark Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verə biləcək ən böyük vasitədir: “Şəmkirin inkişafı, rayonun kənd təsərrüfat və sənayesinin inteqrasiya tdiyi haqqında ətraflı məlumata sahib idik. Amma bütün bunlarla əyani tanış olduqdan sonra bir daha əmin olduq ki, Şəmkir öz inkişafına görə tək Azərbaycanda deyil, Avropada sayılıb-seçilən şəhərlərdəndir. Rayonda gördüklərimiz bizi sözün həqiqi mənasında heyrətləndirdi. Şəmkirdən çox gözəl təəssüratlarla ayrılacağıq. Bu gün rayona səfərimizin əsas məqsədi ikitərəfli sıx əlaqələrin qurulmasıdır. Bizdə Şəmkir kimi bir şəhərlə münasibətlərimizin olmasından məmnunluq duyarıq”.
Rusiyalı iş adamları daha sonra rayonda yerləşən digər müəssisələrlə tanış olublar.