Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə güclü sahibkarlar ordusu formalaşıb

15 yanvar 2018 | 16:00

Azərbaycanda işsizlik və yoxsulluq problemlərinin həll edilməsi prioritet məsələlərdən biridir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar bəhrəsini verməkdədir. Son illər iqtisadiyyatda, sosial sferada və digər sahələrdə mühüm nailiyyətlər əldə olunub. Ümumi daxili məhsulun həcmi artıb, inflyasiyanın qarşısı alınıb və əhalinin həyat səviyyəsi xeyli yüksəlib. Müstəqillik əldə olunduqdan sonrakı dövr ərzində ölkəmizin iqtisadiyyatına böyük həcmdə investisiya qoyulub. Bütün bunlar bir daha sübut edir ki, müstəqil dövlətimiz dinamik inkişaf yolundadır.

Ölkəmizdə sahibkarlığa yaradılan münbit şərait nəticəsində iqtisadiyyatın inkişafı Azərbaycanın ən böyük kənd təsərrüfatı rayonlarından biri olan Şəmkirdən də yan keçməyib. Rayon iqtisadiyyatı hazırda özünün ən yaxşı dövrlərini yaşayır.

Bu gün rayonda işsizliyin səviyyəsinin minimuma düşməsi kifayət qədər böyük göstəricidir. Bu baxımdan Şəmkir Azərbaycanda ən yaxşı göstəriciyə sahib olan rayonlardan biridir. Əgər bir zamanlar rayon sakinləri iş axtarmaq üçün Rusiya və digər ölkələrə üz tuturdularsa, son illərdə əks proses başlayıb. Vaxtilə iş tapmaq üçün başqa ölkələrə gedənlərin son illərdə geri qayıtması həm də rayonda yüksək gəlirli iş yerlərinin sayının çoxluğu ilə bağlıdır. Eyni zamanda sahibkarlara yaradılan şərait xaricidə fəaliyyət göstərən iş adamlarının Şəmkirə investisiya yatırmasına imkan yaradıb. Rusiyada və digər MDB ölkələrində fəaliyyət göstərən iş adamlarının Şəmkirdə yaratdıqları sahibkarlıq obyektlərində minlərlə Şəmkir və ətraf rayonlardan olan sakinlər çalışırlar.

2017-ci ildə Şəmkirdə yüzlərlə sahibkarlıq obyekti açılmışdır ki, bunun böyük əksəriyyəti daimi iş yerləridir. Bu gün rayonda işləmək istəyən özü üçün iş tapa bilər. Son iki il ərzində xüsusilə kənd təsərrüfatı, sənaye sahələrində çox böyük işlərin görüldüyünü nəzərə alsaq, Şəmkirdə işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək.

Qeyd etdiyim kimi, bu gün Şəmkir rayonunda güclü sahibkarlar ordusu formalaşıb. Müxtəlif sahələrdə fəaliyyət göstərən şəmkirli sahibkarlar rayon rəhbərliyinin dəstəyi ilə kənd təsərrüfatının inkişafı üçün kompleks tədbirlər görür, məhsul istehsalı üçün müasir texnikalar alır.

Şübhəsiz ki, bütün bunların kökündə kənd təsərrüfatının, özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi durur. Gedişat göstərir ki, bundan sonra da sahibkarlara dəstək gücləndiriləcək. Çünki dövlət də, insanlar da aparılan işlərin keyfiyyətli görülməsinə, istehsalın həcminin daha da artırılmasına görə sahibkarlara daha böyük ümidlər bəsləyir.

2017-ci ildə Şəmkirdə 142 milyon 370 min 990 manat investisya yatırılıb. Bunlar arasında kiçik və orta sahibkarlıq obyektləri xüsusilə fərqlənir.
Şəmkirdə iş adamlarının böyük maraq göstərdiyi sahələrdən biri də istilikxanalardır. Ötən il rayonda 11 hektar 40 sot istilikxana yaradılmışdır.

Dünyada mürəkkəb iqtisadi proseslərin hökm sürdüyü hazırkı şəraitdə ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər mühüm əhəmiyyət daşıyır. Bu baxımdan cənab Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı imzaladığı sənədlər mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının qeyd etdiyi kimi, sahibkarlığın inkişafı Azərbaycanın ümumi tərəqqisinin əsas şərtidir. Ona görə də iş adamlarına maksimum sərbəstlik verilir. İmzalanan fərman və sərəncamlar sahibkarlığın inkişafında qarşıya çıxan maneələrin aradan qaldırılması, onların sərbəst şəraitdə işləmələri və biznes mühitinin daha da yaxşılaşması məqsədi daşıyır.

Dövlət tərəfindən təsərrüfat adamlarına, fermerlərə və fiziki şəxslərə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün Şəmkirdə, xüsusən aqrar sektorun çoxşaxəliyi təmin olunub, kartofçuluq, taxılçılıq, üzümçülük, meyvəçilik sahələri ilə yanaşı, tərəvəzçilik də kifayət qədər inkişaf edib. İqtisadiyyat nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən fermerlərə verilən güzəştli kreditlər hesabına rayonun iqtisadi potensialına uyğun olaraq meyvə-tərəvəz və üzüm emalı müəssisələrinin, soyuducu anbar kompleksinin, kiçik və ya orta həcmli istixana, həmçinin üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələri həyata keçirilib. Başqa sözlə, Şəmkirdə abadlıq-quruculuq işlərindən tutmuş, yeni infrastruktur layihələrinin reallaşması, ərzaq təhlükəsizliyi məsələləri, kənd təsərrüfatının bütün sahələr üzrə inkişaf etdirilməsi diqqət mərkəzindədir.

Yəqin ki, Şəmkir rayonuna, onun kənd və qəsəbələrinə yolu düşənlər, eləcə də Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun ərazisindən keçənlər yol kənarındakı ərazilərdə, həyətlərdə səliqə ilə, ölçülü-biçili istilikxanaları görüblər. Günün həqiqəti budur ki, bu gün Şəmkirdə ən gəlirli sahələrdən birinə çevrilən istilikxanalar hesabına faraş tərəvəz bolluğu təmin olunub. Bunun nəticəsidir ki, 2016-ci illə müqayisədə 2017-ci ildə rayonda ümumi məhsul istehsalı 58,2 faizdən çox artmışdır. Daha bir maraqlı fakt: bu istilikxanaların hesabına Şəmkirdə işsiz adamı çıraqla axtarırlar. İşsizliyin və yoxsulluğun aradan qaldırılması üçün rayon icra hakimiyyətinin təşkilatçılığı ilə istilikxana sahibləri rayonun müxtəlif ucqar kəndlərinə xüsusi avtobuslar təşkil edirlər. Avtobus pulsuz, gündə bir dəfə - günorta yeməyi, çayı sahibkarın hesabına, axşam da evinə dönəndə 15 manat əməkhaqqı... Ailə var ki, hər axşam evin ümumi büdcəsinə 60 manat nağd pul əlavə edə bilir. Bir sözlə, indi Şəmkirdə iş yeri problemi yoxdur.

Şəmkirdə iş adamlarına, fərdi təsərrüfatlara, əkin-biçinlə məşğul olanlara hər cür şərait yaradılıb. Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov deyir ki, bütün bunlar dövlətin sahibkarlığın, özəl sektorun inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərin nəticəsidir. Rayonda yaradılan nəhəng infrastruktur yenilikləri və tikinti-abadlıq işləri bir yana, ölkə rəhbərliyinin Şəmkirə və şəmkirlilərə göstərdiyi bu diqqət və qayğı, yaradılan şərait əhali tərəfindən məmnunluqla qarşılanır.

Sahibkarlarin rayonda fəaliyyətini asanlaşdıran ən vacib amillərdən biri də Şəmkir Aqroparkının istifadəyə verilməsidir. Rayonda yaradılan aqroparkda respublikada ilk dəfə müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri fəaliyyət göstərəcək. Aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika məhsulları, saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış, yaşıl marketlər və fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi ilə rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradılacaq.

Aqroparkda vahid pəncərə sistemi fəaliyyət göstərəcək. Belə ki, artıq burada Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin bitki karantini və laboratoriyası fəaliyyət göstərir, Dövlət Gömrük Komitəsinin və digər qurumların məntəqələrinin yaradılması üçün danışıqlar aparılır.
Sahibkarlar tərəfindən aqroparka təhvil verilən məhsulun çeşidlənməsi, saxlanılması və satışında fermerlərə dəstək veriləcək. Həmçinin aqropark sahibkarların yüksək reproduksiyalı toxumla və məhsuldar meyvə ağaclarının tingləri ilə təmin olunmasına da dəstək göstərəcək.

Elgün SEYİD

Keçidlər