"Şəmkirin gözəlliyini qoruyub saxlamaq hər birimizin borcudur"
Şəmkir rayonunda sanitariya-epidemioloji xidmət orqanları tərəfindən, yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına və normalarına uyğun olaraq təmizlənməsi, məişət tulantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi işlərinə mütəmadi olaraq nəzarət aparılır.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Elşən Quliyevin iştirakı ilə Şəmkir rayon Gigiyena və Epidemiologiya Mərkəzində iclas keçirilib.
İclasda sahə həkimlərinin gördüyü işlərlə bağlı hesabatlar da dinlənilib. İclasın sonunda Şəmkir şəhəri ərazisində sanitariya təmizliyi və yoluxucu xəstəliklərin yayılmasına qarşı proflaktiki tədbirlərin gücləndirilməsi və qarşıda duran vəzifələrlə bağlı əlavə tapşırıqlar verilib.
Şəmkir şəhər İƏD üzrə nümayəndə Elşən Quliyev bildirib ki, bu günə kimi Şəmkir şəhərinin təmizliyinə xüsusi diqqət yetirilib:"Gələcəkdə də bu işlərin yüksək səviyyədə həyata keçirilməsinə çalışacağıq. Şəmkir Azərbaycanın ən gözəl şəhərlərindən biridir və bu gözəlliyi qoruyub saxlamaq hər birimizin borcudur".
İclasda eyni zamanda şəhərin içməli su nümunələrində aşkar olunmuş qeyri-kafi nəticələrlə bağlı araşdırmalar aparılması, suyun keyfiyyət göstəricilərinə mənfi təsir göstərən nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsi barədə təkliflər verilib.