“İctimai Şura aşkarlığın və şəffaflığın təmin olunmasına xidmət göstərəcək”- Alimpaşa Məmmədov
İcra hakimiyyəti orqanlarında ictimai nəzarətin təmin olunması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyəti yanında İctimai Şura yaradılıb.
Məşvərətçi qurum kimi yaradılan İctimai Şura ayrı-ayrı təşəbbüs qrupları tərəfindən irəli sürülən namizədlər arasından sərbəst, gizli səzvermə yolu ilə seçilib.
Əvvəlcə Şəmkir Rayon İcra Hakimiyyəti yanında formalaşdırılan İctimai Şura üzvləri seçilib. Belə ki, seçkilərin nəticəsinə görə İctimai Şuranın üzvləri aşağıdakılardır:
1. Məmmədov Bilal Əhməd oğlu-Şəmkir rayon Ağsaqqallar Şurasının sədri
2. Vəliyev Qafar Hüseyn oğlu- Böyük Vətən, Silahlı Qüvvələr və Əmək Veteranları Şurasının sədri
3. Zeynalov Müsahib Nəriman oğlu-Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Şəmkir filialının sədri
4. Əliyev Tural Məhərrəm oğlu- Gənc Vətənpərvərlər Birliyinin Şəmkir rayon şöbəsinin sədri
5. Məmmədov Hilal Əmiraslan oğlu- Şəmkir rayon Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar Komitəsinin sədri
6. Cəfərov Çingiz Qüdrət oğlu- Şəmkir şəhər Füzuli adına orta məktəb müəllimi (müharibə veteranı)
7. Kərimov Yavər Musa oğlu- Təhsil işçiləri Azad Həmkarlar İttifaqının Şəmkir rayon komitəsinin üzvü
8. Hümbətov Rafiq Fərruz oğlu- Peşə Litseyində baş usta
9. Bədəlov Fuad Sərvəz oğlu– Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyinin sədri
Gizli seçkidən sonra üzvlər arasından şuraya sədr, sədrin müavini və katib müəyyən edilib. Bədəlov Fuad Sərvəz oğlu İctimai Şuraya sədr, Zeynalov Mühasib Zeynal oğlu sədrin müavini, Kərimov Yavər Musa oğlunu isə katib seçiliblər.
Seçki prosesindən sonra seçilən şəxslər onlara göstərilən etimada görə öz minnətdarlıqlarını bildirərək vətəndaşların dövlət idarəçiliyinə cəlb edilməsi, icra hakimiyyəti orqanlarında ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili baxımından İctimai Şuranın yaradılmasını rayonun ictimai həyatında əhəmiyyətli addım kimi dəyərləndiriblər. Onlar İctimai Şuranın işinə töhfə vermək üçün bütün imkanlarını səfərbər edəcəklərini bildiriblər.
Oktyabrın 10-da Şəmkir Rayon İcra Hakimiyyəti yanında formalaşdırılan İctimai Şura üzvləri ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun görüşü keçirilib.
Şuraya uğurlar arzulayan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov İctimai Şuranın yaradılnmasını ölkədə həyata keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və dövlət-vətəndaş münasibətlərinin inkişafına töhfə kimi qiymətləndirib: “İctimai Şura bütün sahələr üzrə rayonumuzda şəffaflığın təmin edilməsinə xidmət göztərəcək. Ən başlıcası isə dövlət vətəndaş münasibətlərinin inkişafına zəmin yaradacaq. Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda apardığı siyasətin əsas mərkəzində vətəndaş durur. Yaradılan yeni şura da bu siyasətin həyata keçirilməsində yaxından iştirak etməlidir”.
İcra başçısı bildirib ki, İctimai Şuranın fəaliyyət istiqamətləri arasında ictimai nəzarətlə yanaşı, ictimai iştirakçılıq, ictimai müzakirə, ictimai rəyin öyrənilməsinə də vacib şərtlərdəndir:” Bunların içərisində isə ən vaciblərdən biri ictimai iştirakçılıqdır ki, burada da məqsəd mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, onlarla səmərəli qarşılıqlı fəaliyyətin qurulması, bu qrumların fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasıdır”.