“Bu yol Ulu Öndər yoludur”- Alimpaşa Məmmədov
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov Şəmkir rayonunun fəal gəncləri ilə görüş keçirib.
Görüşdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva, icra başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayev, Şəmkirdə fəaliyyət göstərən gənclər təşkilatlarının sədrləri, həmin təşkilatların fəal üzvləri, inanclı və sahibkar gənclər iştirak ediblər.
Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı gəncləri və ailələrini “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni İl” münasibətilə təbrik edib.
“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir…
Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”
Görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov çıxışına Ulu Öndər Heydər Əliyevin bu sitatı ilə başlayıb.
İcra başçısı bildirib ki, Ümummilli liderin bu sözləri hər birimiz üçün önəmli bir yoldur. Bu yolla gələcəyə addımlayırıq: “Bu yol Ulu Öndər yoludur”.
Cənab Alimpaşa Məmmədov daha sonra Şəmkir gəncliyinə səslənib və onlara dövlətimizin apardığı gənclər siyasətinin önəmindən danışıb: “Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bununla da əslində özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur”.
İcra başçısı qeyd edib ki, gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir: “Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf və tərəqqi siyasəti nəticəsində bu gün ölkəmiz yeni bir inkişaf dövrünə qədəm qoyub. Artıq prezident İlham Əliyevin uğurlu siyasətinin nəticələri özünü əhalinin rifah halının yüksəlməsində və iqtisadi inkişaf sahəsində göstərməkdədir”.
İcra başçısı görüş zamanı Şəmkirdən fəaliyyət göstərən gənclər təşkilatlarının 2017-ci ildə xidmətlərini yüksək qiymətləndirib və onlara 2018-ci ildə də uğurlar arzulayıb.
Cənab Alimpaşa Məmmədov sonda qeyd edib ki, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Əlbəttə ki, bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir. Əminliklə deyə bilərik ki, Şəmkir gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı siyasi fəaliyyətini birmənalı dəstəkləyir.