İcra başçısına “Gənclərin Dostu” mükafatı verildi
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov “Gənclərin Dostu” Mükafatına layiq görülüb.
“Gənclərə göstərdiyi dəstəyə görə” Cənab Alimpaşa Məmmədova bu mükafat Qərbinfo.az saytının Şəmkir rayonunda gənclər arasında keçirdiyi sorğunun nəticələrinə görə verilib. Şəmkirin bütün gəncləri yekdilliklə icra başçısını bu mükafata layiq görüblər.
Şəmkirdə artıq 4-cüsü keçirilən ənənəvi möhtəşəm karnavalda rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədova “Gənclərin Dostu" mükafatını İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva, Qərbinfo.az saytının kollektivi və rayonun fəal gəncləri təqdim ediblər.
Mükafata görə təşəkkürünü bildirən cənab Alimpaşa Məmmədov Azərbaycanda gənclər siyasəti ilə bağlı görülən işlərdən danışıb və bildirib ki, vaxtilə ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğı, Azərbaycan dövləti üçün qoyub getdiyi irs bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısı hər zaman gəncləri maraqlandıran, onları narahat edən problemlərlə maraqlanır, görüşlər keçirir və bu istiqamətdə öz tövsiyə və tapşırıqlarını verir.
Bu istiqamətdə bundan sonra da fəaliyyətini davam etdirəcəyini deyən cənab Alimpaşa Məmmədov Şəmkir gəncliyinə daha böyük uğurlar diləyib.