Şəmkirdə gələn il üçün taxıl səpininə başlanılıb albümüne
Ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunması istiqamətində davamlı tədbirlər həyata keçirilməkdədir.
Vurğulamaq lazımdır ki, ölkənin etibarlı ərzaq təminatına nail olunmasında taxılçılıq strateji əhəmiyyət daşıyır. Belə ki, taxılçılıq əhalinin əsas ərzaq məhsulu sayılan çörəyə və digər un məmulatlarına tələbatını ödəməklə yanaşı, eyni zamanda, quşçuluq və maldarlıq üçün də yem bazası rolunu oynayır. Prezident İlham Əliyev ölkəmizdə taxıla olan tələbatın daxili istehsal hesabına ödənilməsinin hazırkı 65 faizdən yaxın perspektivdə 100 faizə çatdırılması ilə bağlı vəzifə qoyub. Qarşıya qoyulan strateji məqsədə çatmaq üçün torpaqlardan səmərəli şəkildə istifadə edilməsi əsas vəzifə kimi müəyyənləşdirilib. Qabaqcıl təcrübənin, intensiv metodların tətbiqi taxılçılıqda istehsalın genişlənməsinə müsbət təsir göstərən vacib amillərdir.
İntensiv metodlardan istifadə edərək məhsuldarlığı artırmaqla, eləcə də əkin sahələrinin genişləndirilməsi ilə ölkədə taxıl istehsalını əhəmiyyətli dərəcədə yüksəltmək mümkündür.
Bu gün Şəmkir rayonunda da taxılçılıq sahəsində məhsuldarlığın daha da yüksəldilməsi üçün yeni sortlardan istifadə etməklə yanaşı, əkin sahələrinin artırılması istiqamətində addımlar atılır.
Şəmkir rayonunun təsərrüfatlarında 2018-ci ilin məhsulu üçün payızlıq taxıl səpini başa çatıb. Rayon üzrə ümumilikdə 14 min 389 hektar sahəyə toxum səpilib. Taxıl əkini sahələri əvvəlki illə müqayisədə 260 hektar artıb.
Taxıl əkinlərinin 10 min 351 hektarını buğda, 4 min 38 hektarını isə arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda taxıl əkinlərinə aqrotexniki qulluq göstərilir. Fevral-mart aylarında isə sahələrə yemləmə gübrəsi veriləcək.
Xatırladaq ki, Şəmkirdə builki mövsümdə 14 min 129 hektar taxıl sahəsindən 43 min 151 ton məhsul götürülüb.
Şəmkirdə səpilən taxılın bir qismi də rayonun ən böyük kənd təsərrüfatı ərazilərindən olan Ceyrançölün payına düşür.
Ceyrançöl ərazisində dövriyyəyə yeni sahələrin qatılması hesabına 3 min hektarda taxıl əkininə başlanılıb. Hazırda 2300 hektar sahə şumlanıb, həmin sahəyə taxıl səpilib.
Hazırda təsərrüfatda şumlama və səpin işləri davam etdirilir və qeyd etdiyimiz kimi 3 min hektara çatdırılması planlaşdırılır.
Əkin sahələri Almaniya istehsalı olan müasir texnikalarla şumlanır. Bu texnika ilə bir dəfəyə 3 proses həyata keçirilir: kotan torpağı şumlayır, kotanın ardınca ikinci mexanizm şumu əzir və malalama işini həyata keçirir, sonra toxumsəpən buğdanı səpir və üstü yenidən malalanır.
Torpağa Almaniyadan gətirilmiş toxum sortu səpilir ki, bu da həm quraqlığa davamlılığı, həm də yüksək məhsuldar olması ilə fərqlənir.