“Siz gənclər Şəmkir üçün önəmli qüvvəsiniz”- Alimpaşa Məmmədov
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov dövlət qulluğunda çalışan gənclərlə görüş keçirib.
Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı gəncləri və ailələrini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
Görüş zamanı icra başçısı Şəmkirdə gəncliyin önəmindən danışıb: “Ulu Öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Heydər Əliyev dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün Şəmkir rayonunda da gənclər siyasəti ən önəmli və vacib sahələrdən biridir. Gənclik Şəmkirdə bütün işlərin başlıca qüvvəsidir. Siz gənclər bizimlə çiyin-çiyinə olmaqla ölkə Prezidentinin tapşırıqlarının yerinə yetirilməsinə dəstək olursunuz. Siz Şəmkir üçün önəmli qüvvəsiniz. Bunu heç vaxt unutmayın”.
Cənab Alimpaşa Məmmədov bildirib ki, hazırda gənclərimiz mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya və başqa sahələrdə öz istedadlarını və qazandıqları uğurları layiqincə nümayiş etdirirlər: “Əgər əvvəllər istedadlı Azərbaycan gənci öz potensialını üzə çıxarmaq üçün şəraitin olmamasından haqlı olaraq gileylənirdisə, indi vəziyyət tam başqadır. Hər bir perspektivli Azərbaycan gəncinin yetişməsi üçün ölkəmizdə dövlət tərəfindən lazımi şərait yaradılmışdır. Burada elə təkcə son illər Prezident İlham Əliyevin birbaşa qərarları ilə yaradılan çoxsaylı gənclər mərkəzlərinin və evlərinin açılışını da qeyd etmək olar”.
İcra başçısı onu da qeyd edib ki, gənclərlə bağlı dövlət proqramlarının tam mənada həlli müasir gəncliyin dövlətçilik prinsipləri əsasında, vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərə bağlılıq hisslərinin artırılması, ixtisaslı mütəxəssislərin hazırlanması üçün əlavə islahat və layihələrin tətbiqini sürətləndirəcək.