Ceyrançöldə boz çöllər yaşıllıqlara çevirilir
Ceyrançöldə boz çöllər yaşıllıqlara çevirilir
Əsas inkişaf potensialı kənd təsərrüfatı sayılan bölgələrimizdən biri də Şəmkir, xüsusilə də rayonun Ceyrançöl massividir. İstər əkinçilik, istər bağçılıq, istərsə də heyvandarlıq üçün bu ərazilərdə yaxşı imkanlar var. Bu imkanlardan səmərəli istifadə edən zəhmət adamları ilbəil əkin sahələrini, təsərrüfatları genişləndirir, təkmilləşdirir, nəticədə də yüksək məhsuldarlıq əldə olunur. Elə bu il də Ceyrançöldə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə daha çox məhsul istehsal edilib.
Ceyrançöl ərazisində dövriyyəyə yeni sahələrin qatılması hesabına 3 min hektarda taxıl əkininə başlanılıb. Hazırda 2300 hektar sahə şumlanıb, həmin sahəyə taxıl səpilib.
Hazırda təsərrüfatda şumlama və səpin işləri davam etdirilir və qeyd etdiyimiz kimi 3 min hektara çatdırılması planlaşdırılır.
Əkin sahələri Almaniya istehsalı olan müasir texnikalarla şumlanır. Bu texnika ilə bir dəfəyə 3 proses həyata keçirilir: kotan torpağı şumlayır, kotanın ardınca ikinci mexanizm şumu əzir və malalama işini həyata keçirir, sonra toxumsəpən buğdanı səpir və üstü yenidən malalanır.
Torpağa Almaniyadan gətirilmiş toxum sortu səpilir ki, bu da həm quraqlığa davamlılığı, həm də yüksək məhsuldar olması ilə fərqlənir.
Qeyd edək ki, bu ərazilər əvvəllər nə əkilib, nə də suvarılıb. İlk dəfə ötən təsərrüfat ilində bu yerlərdə əkin aparılıb. Əraziyə Kür çayından 17 kilometr uzunluğunda su xətti çəkilib, tutumu 1.3 milyon kubmetr olan 3 su anbarı inşa edilib. Ərazidə müasir suvarma sistemi qurulub.
Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, müasir aqroparkın və iri fermer təsərrüfatlarının yaradılması əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, aqrar sahədə ixrac potensialının artırılmasına, nəticədə də ökəmizin iqtisadi qüdrətinin daha da artmasına gətirib çıxaracaq.