Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə maarifləndirici konfrans keçirilib

19 dekabr 2017 | 16:00

Şəmkirdə maarifləndirici konfrans keçirilib.

Bu gün Gəncə regional miqrasiya idarəsi tərəfindən Şəmkirdə “Qanunsuz miqrasiya hallarının qarşısının alınması, miqrantların hüquqlarının qorunması və vəzifələrinin yerinə yetirilməsi” mövzusunda tədbir təşkil edilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayev, Gəncə regional miqrasiya idarəsinin rəis müavini, kiçik miqrasiya xidməti müşaviri Orxan Xıdırov, miqrasiya xidmətinin əməkdaşları, rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, əcnəbi və vətəndaşlığı olmayan şəxslər, həmçinin bələdiyyələrin və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Görüşdə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, həmçinin onların ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, o cümlədən müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması kimi xidmətlər və xidmət yerləri haqqında məlumat verilib.
Bununla yanaşı ölkəmizdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının qorunması ilə bağlı dövlətin həyata keçirdiyi siyasətin uğurlu nəticələri təhlil olunub.

Sonra Xidmət tərəfindən qanunsuz miqrasiyaya qarşı həyata keçirilmiş tədbirlər barədə söhbət açılıb.

Vətəndaşsızlıq hallarının aradan qaldırılması üçün il ərzində Dövlət Miqrasiya Xidmətinin həyata keçirdiyi kompleks layihələr barədə verilən məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Diqqətə çatdırılıb ki, vətəndaşlıq məsələləri ilə bağlı Xidmətin fəaliyyətini daha əsaslı həyata keçirə bilməsi üçün Prezident İlham Əliyevin 2015-ci il fevralın 11-də imzaladığı Fərmana əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək Xidmətin vəzifəsi kimi müəyyən olunub. Tədbirdə, həmçinin Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın tələbləri geniş izah edilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər