"Prezidentin bu sözləri hər bir məmur üçün örnək olmalıdır"
Xəbər verdiyimiz kimi Quliyev Elşən Sabir oğlu Şəmkir Rayon İcra Hakimiyyətini başçısı cənab Alimpaşa Məmmədovun 18 dekabr 2017-ci il tarixli 361 nömrəli əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilib.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında Elşən Quliyevin təqdimat mərasimi keçirilib.
Təqdimatda Şəmkir Rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov,icra aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, müəssisə və təşkilatların rəhbərləri, şəhər ağsaqqalları iştirak ediblər.
Əvvəlcə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov Elşən Quliyevin təyinatı ilə bağlı olan əmri oxuyub.
Daha sonra Elşən Quliyevi təbrik edən icra başçısı bildirib ki, biz hər birimiz yeni icra nümayəndəsinə məsuliyyətli vəzifəsinin icrasında dəstək olmalı, onunla çiyin-çiyinə dayanmalıyıq: "Siz çox şərəfli bir işin icrasına başlayırsınız. Əgər bütün sahələr üzrə çalışanlarla birlik olsanız, işlərinizin öhdəsindən uğurla gələcəksiniz. Unutmayın ki, siz Şəmkir kimi gözəl bir şəhərin rəhbəri təyin edilirsiniz. Ölkə Prezidenti cənab İlham Əliyevin şəmkirlilərə sevgisinin nəticəsidir ki, bu gün tək şəhərdə deyil, bütün rayon ərazisində problemlər kökündən həll olunmaq üzrədir. Siz də cənab Prezidentimizin bu dəstəyindən, sevgisindən yararlanıb işlərinizi düzgün və xalqa səmərəli qurmalısınız".
Alimpaşa Məmmədov onu da qeyd edib ki, bütün işlərin başında vətəndaş durmalıdır:"Əgər Prezidentimiz deyirsə, xalqın birinci xidmətçisi mənəm, bütün dövlət məmurları da belə işləməlidirlər. Hesab edirəm ki, Prezidentin bu sözləri hər bir məmur üçün örnək olmalıdır.Bizim hər birimizin vəzifə yükümüz vətəndaş öhdəliyidir".
İcra başçısı Elşən Quliyevə öz tövsüyyə və tapşırıqlarını da verib: "Çalışın yeni idarə sisteminizdə ağsaqqalların təcrübəsindən yararlanın. Onların hər zaman sizə düzgün yol göstərəcəklər. Eyni zamanda şəhərdə gənclər siyasətini də özünüz üçün prioritet tutun. Çünki gənclər bizim gələcəyimizdir".
Digər çıxış edənlər də Elşən Quliyevə yeni işində uğurlar arzuladılar.
Elşən Quliyev də çıxışında ona göstərilən etimada görə rayon rəhbərliyinə təşəkkürünü bildirib, vəzifəsinin öhdəsindən layiqincə gəlmək üçün əlindən gələni əsirgəməyəcəyinə söz verib.