Şriftin ölçüsü :

Saytın rəngi :

"Vətəndaşların şikayətlərinə ciddi baxılmalıdır"- Alimpaşa Məmmədov

08 dekabr 2017 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov vətəndaşları növbəti dəfə qəbul edib.

Rayonun hüquq mühafizə orqanları və icra strukturları rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda cənab Alimpaşa Məmmədov diqqətə çatdırıb ki, ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, hər bir vətəndaşın arzu və təklifinə, eləcə də şikayətinə diqqətlə yanaşılır. Problemlərin həlli üçün konkret tədbirlər görülür ki, bu da insanların dövlətə və dövlətçiliyə olan etimadını artırır.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirib ki, vətəndaşların şikayətlərinə ciddi baxılmalıdır: “Çünki bu dövlətimizin, cənab Prezident İlham Əliyev siyasətinin prioritet məsləsidir. Onların qaldırdıqları bütün problemlərin həlli istiqamətində düzgün addımlar atılmalıdır”.
Sonra qəbula yazılmış sakinlər növbə ilə qarşılaşdıqları problemlərin həlli ilə bağlı müraciətlər ediblər.

Qəbula gəlmiş bəzi vətəndaşların maddi yardımla bağlı müraciətləri həllini tapdı.
Su ilə bağlı müraciətlərə cavab olaraq bildirildi ki, yeni infrastrukturun yaradılması prosesi tezliklə başa çatacaq və vətəndaşlar sutka ərzində içməli su ilə fasiləsiz təmin olunacaqlar.

Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş insanların ailələrinə, eləcə də torpaqlarımızın bütövlüyü uğrunda sağlamlıqlarını itirmiş insanlara yenə də xüsusi diqqət və qayğı göstərilmişdir.

Vətəndaşlara qayğı ilə yanaşaraq arzu və istəklərinin yerinə yetirilməsi üçün tapşırıqlar vermişdir.
Qəbul zamanı iş üçün müraciət edən 4 Şəmkir rayon sakini işlə təmin olunması üçün tapşırıqlar verildi.
Ümumiyyətlə, qəbula gələn 100-dən artıq vətəndaşın müraciəti dinlənildi və qaldırılan bir çox məsələlər yerindəcə həllini tapdı.

Onu da qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sifahi qəbulundan başqa, rayon İcra Hakimiyyətinin rəsmi “facebook” səhifəsi, müntəzəm olaraq yenilənən www.shamkir-ih.gov.az internet saytı, mail@shamkir-ih.gov.az elektron poçt ünvanı, “Qaynar xətt” telefonu (5700) fasiləsiz fəaliyyət göstərir, yerlərdə quraşdırılan “Şikayət və təkliflər” səyyar poçt qutularından geniş istifadə edilir.

Keçidlər