Şəmkirdə 6 dekabr - rabitəçilərin peşə bayramı qeyd olunub
Dekabrın 6-də Şəmkirdə rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, Şəmkir Telekomunikasiya Qovşağının rəisi Eyyub Dünyamalıyev, Şəmkir Poçt filialının müdiri Vilayət Cabbarov və həmin idarələrin əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Şəmkir şəhərinin mərkəzində yerləşən Ulu öndərin abidəsini ziyarət ediblər.
6 dekabr - Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə günü münasibəti ilə Qüdrət Əliyev bütün rabitə və informasiya texnologiyaları sahəsində çalışanları Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov adından təbrik edib.
Bildirilib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər. Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır.
Azərbaycanda rabitə sahəsi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlayıb. Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illərə təsadüf edir. Həmin illərdə respublikaya rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində geniş şəkildə öz əksini tapır.
Tədbirdə Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin fəaliyyətlərinə böyük diqqət və qayğıya görə iştirakçılar adından dövlət başçısına dərin minnətdarlıq ifadə olunub.