Şriftin ölçüsü :

Saytın rəngi :

Almaniyanın ölkəmizdəki səfiri Şəmkirdə olub

06 dekabr 2017 | 16:00

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab almanların Azərbaycana köçürülməsinin 200 illiyi ilə bağlı Şəmkirdə görülmüş işlərlə tanışlıq üçün rayonda olublar.

Səfər çərçivəsində keçirilmiş tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Milli Məclisin deputatı Sona Əliyeva və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək Prezident İlham Əliyevin 2016-cı il avqustun 30-da “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncam imzaladığını diqqətə çatdırıb. Qeyd edib ki, respublikamızda, o cümlədən Şəmkir rayonunda həmin sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Səfir Mixael Kindsqrab isə bildirib ki, bu il Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. Eyni zamanda, hər iki xalq alman mühacirlərinin Azərbaycanda məskunlaşmasının 200 illiyini qeyd edir. Azərbaycanda qorunub saxlanılan alman maddi irsi xalqlarımızın dostluq əlaqələrinin inkişafı baxımından möhkəm bünövrədir.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkirdə alman maddi-mədəni irsinin qorunması və təbliği istiqamətində görülmüş işlər barədə məlumat verib.

Almaniya səfiri rayonda alman maddi-mədəni irsinin qorunması ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
Tədbirdən sonra Şəmkir şəhərində yerləşən Alman Lüteran kilsəsində konsert proqramı keçirilib.

Keçidlər