Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqraba Qarabağ xalçası hədiyyə etdi

05 dekabr 2017 | 16:00

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab almanların Azərbaycana köçürülməsinin 200 illiyi ilə bağlı Şəmkirdə görülmüş işlərlə tanış olmaq üçün rayona gəliblər.

Səfər çərçivəsində keçirilmiş tədbirlərdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, Milli Məclisin deputatı Sona Əliyeva və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək diqqətə çatdırıb ki, Prezident İlham Əliyev 2016-cı il avqustun 30-da “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncam imzalayıb. Hazırda həm respublikamızda, həm də Şəmkir rayonunda həmin sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Almaniya səfiri Mixael Kindsqrab isə çıxış edərək bildirib ki, bu il Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. Eyni zamanda, hər iki xalq alman mühacirlərinin Azərbaycanda məskunlaşmasının 200 illiyini qeyd edir. Azərbaycanda qorunub saxlanılan alman maddi irsi hər iki xalqın gələcəkdə dostluq əlaqələrinin inkişafı baxımından möhkəm bünövrədir.

Şəmkirdə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov səfir Mixael Kindsqraba Qarabağ xalçası hədiyyə edib.
Tədbirdə çıxış edən cənab Alimpaşa Məmmədov əvvəlcə alman maddi-mədəni irsinin qorunması və təbliği istiqamətində görülmüş işlər barədə məlumat verib.

Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, almanlarla azərbaycanlılar yaxın və dost millətlərdir: “ Tarix nəzər salanda Azərbaycanda məskunlaşan almanlar xalqımızla eyni taleyi yaşayıblar. Oblar da müharibənin qurbanı olub və sürgünə məruz qalıblar. Bizim xalqımız isə Qarabağ savaşında öz doğma torpaqlarından sürgün edilib, işgəncəyə məruz qalıblar. Almanlar bu baxımdan xoşbəxtdirlər. Çünki onların evladları 200 ildən sonra ata-babalarının yaşadıqları yerlərə gələ bilir, onların tarix və mədəniyyətini olduğu kimi tapa bilirlər. Bu da Azərbaycanın toleraant bir ölkə olduğundan xəbər verir. Almanlardan fərqli olaraq biz öz doğma torpaqlarımıza, Qarabağımıza, Şuşamıza, Laçınımıza gedə bilmirik. Ermənilərin tapdaqları altında olan bütün mədəniyyət abidələrimiz, tariximiz məhv edilib”.

İcra başçısı qeyd edib ki, Azərbaycan xalqı qələbəyə inanır: “Zaman gələcək biz yenə öz topaqlarımıza qayıdacağıq. Çünki o torpaqlarda bizim şəhidlərimizin qanı axıb və o qan yerdə qalmayacaq”.

 

Keçidlər