Şriftin ölçüsü :

Saytın rəngi :

Görmə əngəlli gənc: bizə mənalı yox, sağlam baxın

03 dekabr 2017 | 16:00

Şəmkirdə 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə yeniyetmə və gənclər üçün qeyri-adi təlim keçirilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi, "Böyük Yol", "Mətin Gənclər" İctimai birliklərinin və “Baku Oxford school in Shamkir” məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva və ictimaiyyətin nümayəndələri, eləcə də gənclər iştirak ediblər.

“Biz kimik” adlı tədbirin təlimçisi, rayon sakini, ictimai fəal, “Mətin Gənclər” İctimai Birliyinin həmtəsisçisi Xanoğlan Sadıqov olub.

Əvvəlcə, təlimçinin xahişi ilə şərti görmə əngəlli gənclər səhnəyə dəvət olunublar və onlardan bu cür vəziyyətdə özlərini necə hiss etdikləri soruşulub. Gənclər təlimçi tərəfindən verilən sualları müxtəlif cür cavablandırıblar.

Sonra özünü iştirakçılara təqdim edən təlimçi səhnəyə dəvət edilən şərti görmə əngəlli gənclərdən fərqli olaraq özünün real görmə məhdudiyyətli olduğunu deyib.

Xanoğlan Sadıqov 3 dekabr – Beynəlxalq Əlillər Gününün tarixindən və əlilliyi olan insanların cəmiyyətdəki mövqeyindən danışıb. Dekabrın 3-nün onun üçün bir hesabat günü olduğunu deyən X.Sadıqov hər hansı fiziki məhdudiyyətin insanın doğru yola istiqamətlənməsində və cəmiyyət üçün faydalı olmasında əngəl ola bilməyəcəyini diqqətə çatdırıb.

Özünün həyat təcrübəsini iştirakçılarla bölüşən təlimçi bildirib ki, 10 yaşından sonra aldığı zədə səbəbi ilə gözlərinin işığını itirib. Lakin bütün çətinliklərə baxmayaraq həyat uğrunda mübarizə aparıb və müəyyən nailiyyətlər qazanıb.

Az müddətdə rəngli muncuqlarla cürbəcür əl işləri – güllər, çiçəklər hazırlayan Xanoğlan Sadıqov Şəmkirdə və ətraf rayonlarda görmə məhdudiyyətli insanlara kompüter bilikləri öyrədən müəllim kimi tanınır. Asudə vaxtlarını səmərəli keçirdiyini deyən Xanoğlan Sadıqov bildirib ki, səsli proqram vasitəsilə gününün çox hissəsini dünya və Azərbaycan klassiklərinin əsərlərini oxuyur, ayrı-ayrı bədii əsərləri təhlil edir və özü üçün qeydlər aparır. O, Xanoğlan Sadiq təxəllüsü ilə şeirlər yazdığını, aktiv sosial şəbəkə istifadəçisi olduğunu, hətta müxtəlif elmlərlə maraqlandığını deyib. Boş vaxtlarında dostları ilə nərd oynadığını bildirən Xanoğlan Sadıqov qeyd edib ki, gələcəkdə görmə əngəli olmayan insanlarla yarışa və hətta qalib gələ bilər.

Təlim müddətində müxtəlif oyunlar qurulub və auditoriyanın fəal iştirakı ilə təlimçi və iştirakçılar arasında maraqlı dialoq davam etdirilib.
Sonda təlimdə fəallığı ilə seçilən şagirdlərə Xanoğlan Sadıqovun oxuduğu və ən çox sevdiyi kitablardan biri, eləcə də özünün rəngli muncuqlardan hazırladığı əl işi hədiyyə olunub.

Keçidlər