Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq”: Şəmkirlə tanışlıq zəngin səfər təəssüratları ilə başa çatıb

18 noyabr 2017 | 16:00


Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya çıxan paytaxtın Xətai, Səbail, Suraxanı rayonlarından, eləcə də Abşeron, Neftçala, Salyan, Şirvan, Cəlilabad və İmişlidən olan məktəblilər noyabrın 18-də Şəmkir rayonu ilə tanış olublar.

Məktəblilərin rayonla tanışlığı orta əsr Şəmkir qalasından başlayıb. Qalanın qalıqları ilə tanış olan şagirdlərə məlumat verilib ki, böyük İpək Yolu üzərində yerləşən bu qədim şəhər AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aşkarlanıb. Əvvəllər kiçik ərazidə aparılan arxeoloji qazıntı işləri sonradan 28 hektar ərazidə davam etdirilib. Az müddətdə ərazidən böyük şəhər mədəniyyətinin qalıqları ilə bərabər xeyli sayda maddi-mədəniyyət nümunələri də üzə çıxarılıb. Hazırda qədim şəhər ərazisində arxeoloji qazıntı işləri beynəlxalq arxeoloqlarla birlikdə həyata keçirilir.

Sonra Şəmkir şəhərinin mərkəzinə gələn məktəbliləri Heydər Əliyev Mərkəzinin qarşısında rayon rəhbərliyi qarşılayıb.

Əvvəlcə tur-aksiya iştirakçılarına Heydər Əliyev Mərkəzi haqqında məlumat verilərək bildirilib ki, bina orijinal memarlıq üslubunda inşa edilib. Belə ki, mərkəzin daxilində yan divarlarda Ümummilli Liderin həyat və siyasi fəaliyyətini əks etdirən fotolara baxan hər kəs irəlilədikcə istər-istəməz yüksəkliyə qalxmış olur. Bu cür memarlıq həlli isə həm rəmzi məna daşıyır, həm də ümummilli lider Heydər Əliyevin yüksələn siyasi fəaliyyətini əks etdirir.

Şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini əks etdirən fotoşəkillərə, Ümummilli Liderə həsr olunan kitablara baxıblar.

Bildirilib ki, mərkəzdə ümummilli lider Heydər Əliyevin müxtəlif vəzifələrdə olduğu dövrlərdə işlədiyi kabinetlərin və iş otaqlarının bənzərləri yaradılıb. Bayraq meydanında tarixən Azərbaycanda mövcud olan dövlətlərin bayraqlarının və nişanlarının əks olunduğu guşələr də tur-aksiya iştirakçılarında böyük maraq yaradıb.
“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanışlıq da tur-aksiya iştirakçıları üçün yaddaqalan olub. Bildirilib ki, “Zəka” mərkəzinin qalereyasında burada fəaliyyət göstərən dərnək üzvlərinin müxtəlif texnika və üslublarda hazırladıqları əl işləri, rəsm əsərləri sərgilənir.

Məktəblilər Şəmkirdə vaxtilə alman koloniyaçıları tərəfindən inşa olunan lüteran kilsəsi ilə də tanış olublar. Onlara Şəmkirin əsasını qoyan alman koloniyaçıları haqqında geniş məlumat verilib.

Şagirdlərin Şəmkir rayonu ilə tanışlığı zəngin səfər təəssüratları ilə başa çatıb.

Keçidlər