"Şəmkir Aqropark"da vahid pəncərə sistemi yaradılır
Noyabrın 12-də "Şəmkir Aqropark"da yerli MMC-lər, sahibkarların iştirakı ilə konfrans keçirilib.
Konfransda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, "Şəmkir Aqropark"ın direktoru Xəqani Qaybalıyev və digər idarə, müəssisə rəhbərləri iştirak edib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov bildirib ki, qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafı ilə bağlı strateji hədəflərin müəyyən edilməsi və institusional dəyişikliklərin həyata keçirilməsi, dövlət dəstəyinin gücləndirilməsi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin güclü təməlini qoyub. Belə ki, kənd təsərrüfatında məhsuldarlığın artırılmasına nail olmaq üçün fermerlərə dövlət tərəfindən dəstək verilir. Bu dəstəyin mühüm formalarından biri də respublikamızın ayrı-ayrı bölgələrində aqroparkların yaradılması prosesinin sürətləndirilməsidir.
"Şəmkir Aqropark"ın direktoru Xəqani Qaybalıyev çıxışında bildirib ki, Şəmkir rayonunda yaradılan aqroparkda respublikada ilk dəfə müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq. Aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika – məhsulları saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış, yaşıl marketlər və fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi nəticəsində rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradılacaq.
Qeyd olunub ki, aqroparkda vahid pəncərə sistemi fəaliyyət göstərəcək. Belə ki, artıq burada Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin bitki karantini və laboratoriyası fəaliyyət göstərir, Dövlət Gömrük Komitəsinin və digər qurumların məntəqələrinin yaradılması üçün danışıqlar aparılır.
Xəqani Qaybalıyev çıxışında "Şəmkir Aqropark"la bələdiyyələrin nəznində yaradılan MMC-lərin qarşılıqlı fəaliyyəti və prespektivlərindən danışıb.
Diqqətə çatdırılıb ki, sahibkarlar tərəfindən aqroparka təhvil verilən məhsulun çeşidlənməsi, saxlanılması və satışında fermerlərə dəstək veriləcək. Həmçinin aqropark sahibkarların yüksək reproduksiyalı toxumla və məhsuldar meyvə ağaclarının tingləri ilə təmin olunmasına da dəstək göstərəcək.
Sonda "Şəmkir Aqropark"la digər MMC-lər arasında Niyyət Protokolu imzalanıb.