"Gənclərə göstərilən etimad bizə stimul verir"-Şəmkir RİH-də yeni təyinatlar
Bu gün Şəmkirdə dövlət qulluğuna yeni təyinatlar baş tutub. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun iştirakı ilə yeni kadrlar Aparatın kollektivinə təqdim edilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun əmrinə əsasən Sultan Səməd Rafiq oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında baş mütəxəssis vəzifəsinə təyin olunub.
Həmçinin, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Qaracəmirli, Aşağı Seyfəli, Düzqışlaq və Nərimanlı kəndlərinə icra nümayəndəsi, Əliyaqublu kəndinə müavin, Nərimanlı kəndinə isə icra nümayəndəsinin müavini və mühasib vəzifələrinə yeni kadr təyinatları olub.
Belə ki, Kamilov Nazir Kərəm oğlu Qaracəmirli kənd İƏD üzrə nümayəndə, Qarayev Oruc Fəxrəddin oğlu Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndə, Şahbazov Azər Yusif oğlu Düzqışlaq kənd İƏD üzrə nümayəndə, Əhmədov Ruslan Fəxrəddin oğlu Nərimanlı kənd İƏD üzrə nümayəndə, Qələndərov Natiq Arif oğlu Əliyaqublu kənd İƏD üzrə nümayəndənin müavini, Novruzov Əkbər Sarı oğlu Nərimanlı kənd İƏD üzrə nümayəndənin müavini, Mikayılov Eytibar Qənbər oğlu isə həminkəndin baş məsləhətçisi-baş mühasibi vəzifəsinə təyin olunub.
Təqdimat mərasimində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov bildirib ki, Azərbaycan gənclər ölkəsidir. Gənclərə diqqət və qayğı ulu öndər Heydər Əliyevin Azərbaycana hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin önündə dayanıb: “Dahi şəxsiyyət bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməli, lazımi fəaliyyət göstərib, öz xalqına, dövlətinə xidmət etməlidir. Əgər ümummilli lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müstəqil Azərbaycana rəhbərliyi dövründə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü. Onu da xüsusi vurğulayırdı ki, Azərbaycan gəncləri sağlam düşüncəli, vətənpərvər gənclərdir”.
İcra Başçısı qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev gənclərin böyük qüvvə olduğunu, Azərbaycanın gələcəyinin onlara məxsusluğunu, eyni zamanda müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək, yüksək ixtisaslı gənclərin yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur.
Alimpaşa Məmmədov onu da bildirib ki, bu gün biz də təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinə arxalanaraq gənclərə müstəqil Azərbaycanda onların dövlətin idarə edilməsində aparıcı qüvvə olduğunu göstərməyə çalışırıq.
Tədbirdə çıxış edən yeni kadrlar bildiriblər ki, gənclərə göstərilən bu etimad, diqqət və qayğı onların daha səylə çalışmalarına, müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi naminə sıx birləşməyə stimul verir.
Təqdimat mərasimində iştirak edən rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri də gənclərə gələcək işlərində uğurlar arzulayıblar.