"Gənc Tərbiyəçilər Birliyi" yeni tərkibdə
Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 3 oktyabr 2016-cı il tarixində təsis olunmuş "Gənc Tərbiyəçilər Birliyi"nin yeni idarə heyəti ilə görüş keçirilib.
Görüşdə giriş nitqi ilə çıxış edən Şəmkir rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva yeni tərkibi salamlayaraq birliyin bundan sonrakı fəaliyyətində üzvləri aktiv olmağa çağırdı.
Həmçinin A.Abdullayeva bildirib ki, məktəbəqədər təhsil bütövlükdə təhsil sisteminin vacib istiqamətidir: "Siz də gənclər olaraq cəmiyyətin maraqlarına cavab verən vacib layihələr hazırlamalı, rayonumuzda məktəbəqədər təhsilin inkişafı istiqamətində əlinizdən gələnləri əsirgəməməlisiniz".
Rayon icra başçısının müavini bildirib ki, Dinamik inkişaf edən Azərbaycanda gələcək nəslin sağlam böyüməsi, hərtərəfli inkişafı ölkə rəhbərliyinin diqqət mərkəzindədir: “Bu istiqamətdə görülən mühüm tədbirlərin tərkib hissələrindən biri də məktəbəqədər təhsil müəssisələrindən olan uşaq bağçalarının və körpələr evləri şəbəkələrinin genişləndirilməsi, onların təlim-tərbiyə prosesində fəal iştirakının təmin olunmasıdır”.
Aynur Abdullayeva sonda qeyd edib ki, məktəbəqədər təhsilin ilk pilləsi ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir: “Danılmaz həqiqətdir ki, maddi sərvətlərin "insan kapitalı"na çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur”.
Daha sonra birliyin sədri Nigar Hüseynli görüləcək işlər barədə geniş məlumat verərək yeni tərkibi görüş iştirakçılarına təqdim etdi.
Şəmkir rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai -siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turanə Məmmədova son dövrlərdə rayon rəhbərliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrinə göstərilən diqqət və qayğıdan bəhs edərək digər sahələrdə olduğu kimi ölkəmizdə məktəbəqədər təhsildə yaradılan şəraitdən maksimum faydalanmağın vacibliyini qeyd edib.