"Vətəndaşların şikayətlərinə ciddi baxılmalıdır"- Alimpaşa Məmmədov
"Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.1.16. bəndinə uyğun olaraq Şəmkir Rayonu İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tərəfindən vətəndaşların növbəti şifahi qəbulu keçirilib.
Geniştərkibli qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyəti idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq bəndinə uyğun olaraq sentyabrın 29-da keçirilən qəbulda 86 nəfər vətəndaşın müraciəti dinlənilib.
Vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti su, torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub.
Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.
Qəbulda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirib ki, vətəndaşların şikayətlərinə ciddi baxılmalıdır: “Çünki bu dövlətimizin, cənab Prezident İlham Əliyevin siyasətinin prioritet məsləsidir. Onların qaldırdıqları bütün problemlərin həlli istiqamətində düzgün addımlar atılmalıdır”.
Onu da qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sifahi qəbulundan başqa, rayon İcra Hakimiyyətinin rəsmi “facebook” səhifəsi, müntəzəm olaraq yenilənən www.shamkir-ih.gov.az internet saytı, mail@shamkir-ih.gov.az elektron poçt ünvanı, “Qaynar xətt” telefonu (5700) fasiləsiz fəaliyyət göstərir, yerlərdə quraşdırılan “Şikayət və təkliflər” səyyar poçt qutularından geniş istifadə edilir.