YAP Şəmkir rayon təşkilatı tədbir keçirib
YAP Şəmkir rayon təşkilatı "Yeni Azərbaycan Partiyasının" yaradılmasının 25-ci ildönümünə həsr olunmuş Şəmkir rayonu Suvarma Sistemləri idarəsi ilk partiya təşkilatında tədbir keçirdi.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Şəmkir rayon təşkilatı Şurasının üzvü İqbal Əliyev, YAP Şəmkir rayon təşkilatı Şurasının üzvü, Şəmkir rayonu Suvarma Sistemləri idarəsi ilk partiya təşkilatının sədri Sahib Quliyev, YAP Şəmkir rayon təşkilatı Aparatının məsul işçiləri və Suvarma Sistemləri idarəsi ilk partiya təşkilatının üzvləri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini 1 dəqiqəlik sükütla yad etdilər. Daha sonra YAP Şəmkir rayon təşkilatı Şurasının üzvü, Şəmkir rayonu Suvarma Sistemləri idarəsi ilk partiya təşkilatının sədri Sahib Quliyev ziyalılar və fəal gənclərin qatıldığı tədbiri giriş sözü ilə açaraq YAP-nın Azərbaycanın aparıcı siyasi qüvvəsi oluğunu qeyd edib, onun yaradılmasını isə tarixi zərurətdən doğmuş, böyük tarixi hadisə kimi dəyərləndirib.
S.Quliyev YAP və onun böyük lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürərək, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycanın təməlini qoyduğunu, olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsinin Heydər Əliyev fenomeninin, dühasının misilsiz qüdrətindən xəbər verdiyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarını, uğurlu daxili və xarici siyasətini inamla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əzmkar fəaliyyətinin Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, günü-gündən sıraları durmadan genişlənən YAP-nın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirdiyini vurğulayaraq, onun güclü siyasi partiya kimi özünü təsdiqləməsini dövlətimizin başçısının yüksək liderlik keyfiyyətləri, böyük səriştəsi və zəngin təcrübəsi ilə şərtləndiyini söyləyib.
F.Vəliyev qədirbilən Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyev siyasi kursunu ölkənin davamlı inkişafının, bundan sonrakı uğurlarının, təminatlı gələcəyinin mühüm şərti olaraq dəyərləndirdiyini, dövlətimizin başçısının qeyd etdiyi kimi, hər bir partiya üzvünün dahi rəhbərin ali ideallarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisinə daim xidmət göstərməli olduğununun bildirib.
YAP Şəmkir rayon təşkilatı Şurasının üzvü İqbal Əliyev çıxışında YAP-nın böyük çətinliklərə sinə gərərək həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanaraq öz adında böyük bir mənanı, məqsədi birləşdirdiyini söyləyərək, Ümummilli Lider Heydər Əliyevin və onun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan ardıcıl və köklü islahatların, yürüdülən daxili və xarici siyasətin xalqımızın rifah halının daha da yaxşılaşmasına, dövlətçiliyimizi daha da möhkəmləndirilməsinə zəmin yaratdığını diqqətə çatdırıb.
Tədbirdə digər çıxış edən Suvarma Sisitemləri idarəsi ilk partiya təşkilatının üzvləri partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırmasının, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsinin onun tərəfdarlarının sayının artmasına səbəb olduğunu, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyanın lider dövlətinə çevrildiyini xüsusilə vurğulayıblar.