Şriftin ölçüsü :

Saytın rəngi :

"Şəmkir ölkəmizin ən gözəl şəhərlərindən birinə çevirilib" - İlham Əliyev

23 sentyabr 2017 | 16:00

Dünya iqtisadiyyatında baş verən maliyyə böhranlarına baxmayaraq, respublikamızın hər bir bölgəsində müşahidə olunan sosial-iqtisadi inkişaf davam etməkdədir. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən qətiyyət və ardıcıllıqla həyata keçirilməsi nəticəsində şəhər və kəndlərimiz öz simasını tanınmaz dərəcədə dəyişir, sakinlərin həyat səviyyəsi yüksəlir.

Dövlət başçısının rəhbərliyi ilə ötən illərdə ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik islahatlar sayəsində ölkə iqtisadiyyatı öz dayanıqlılığını möhkəmləndirir. Ölkə iqtisadiyyatının əsas prioritetlərindən olan qeyri-neft sektorunun inkişafında mühüm nailiyyətlər əldə olunur, iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunun inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisinin əhəmiyyətli artımına səbəb olur. Bütün bunları Şəmkir rayonunun timsalında da aydın görünür.

Təsadüfi deyil ki, ölkə başçısı Şəmkirə son səfərində bildirdi ki, bu gün rayonun inkişafına çox böyük diqqət göstərilir: " Bu gün Şəmkir gözəlləşir, abadlaşır və artıq ölkəmizin ən gözəl şəhərlərindən birinə çevrilib. Rayonda quruculuq işləri ilə yanaşı infrastruktur məsələləri də həll olunur."

 

…Şəmkir Əhməd Cavadın, Leyla Bədirbəylinin, Molla Vəli Vidadinin, Yəhya bəy Dilqəmin vətənidir. Bura tarixin, mədəniyyətin beşiyidir… Bura dağla çayın, dünənlə sabahın kəsişdiyi məkandır…

 

SOSİAL-İQTİSADİ İSLAHATLAR

 

Son bir neçə ildə Şəmkir, demək olar ki, tamamilə dəyişib. Burada gözəl parklar, istirahət və əyləncə mərkəzləri, idman obyektləri, ictimai iaşə müəssisələri, yeni məktəblər, uşaq bağçaları istifadəyə verilib, küçələr və məhəllələr abadlaşdırılıb, bir çox tarixi abidələr bərpa olunub və bu işlər davam etdirilməkdədir. Rayonda yeni müəssisələr, mühüm dövlət obyektləri yaradılıb.

…Bütün ölkəmizdə olduğu kimi, Şəmkir rayonunda da 2017-ci ilin altı ayında iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti, eləcə də nəqliyyat, rabitə, ticarət və xidmət sahələrində müsbət nəticələr qazanılıb.

Kənd təsərrüfatı məhsullarının istehsalını, tədarükünü, emalını və realizasiyasını təmin etmək məqsədi ilə respublikamızda ilk dəfə olaraq Şəmkir rayonunda fəaliyyət göstərən 42 bələdiyyənin nəzdində 45 məhdud məsuliyyətli cəmiyyət təsis edilib, bir sıra sosial layihələrin, o cümlədən kənd təsərrüfatı üzrə pilot layihələrin icrasına başlanıb. Təsis edilmiş “Ceyrançöl”, “Maral 15”, “Qaracəmirli”, “Morul”, “Abad Şəmkir”, “Çinarlı qəsəbə” MMC-lər uğurlu fəaliyyətləri ilə bu gün kənd təsərrüfatı, tikinti və bir çox sahələrin inkişafına töhfələrini verməkdədirlər. Nəticədə, təkcə son altı ayda Şəmkirdə 1000-dən çox yeni iş yeri açılıb.


Bütün bu işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı üçün yaratdığı münbit şəraitin bariz nümunəsidir. Dövlət başçısının respublikada sahibkarlığın inkişaf etdirilməsi, bölgələrdə sahibkarlara əlverişli şəraitin yaradılması barədə tapşırıqları Şəmkir rayonunda da diqqət mərkəzində saxlanılır. Hazırda Şəmkirdə sahibkarların fəaliyyətini bir qədər də genişləndirməsi, yeni iş yerləri açması, dünya bazarlarına çıxması üçün hər cür şərait yaradılır, hər cür dəstək göstərilir.

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Şəmkir rayonunda ölkənin ən böyük aqroparkının istifadəyə verilməsi isə kənd təsərrüfatı sahəsində mühüm bir dönüş kimi qiymətləndirilir. “Şəmkir Aqroparkı” Avropa texnologiyası və idarəetməsi ilə fəaliyyətə başlayıb.

“Şəmkir Aqroparkı”nda Respublikada ilk dəfə müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq. Aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika – məhsulları saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış, yaşıl marketlər və fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi nəticəsində rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradılacaq.

Aqropark ölkənin ixrac əməliyyatları ilə məşğul olan aparıcı logistika mərkəzləri ilə əməkdaşlıq edəcək, yerli məhsulların “Made in Azerbaijan” brendi ilə ixracını və xarici istehlakçılara çatdırımasını, eləcə də daxili bazara çıxarılmasını təmin edəcək.

İri taxılçılıq, bitkiçilık və meyvəçilik təsərrüfatını özündə birləşdirən aqroparkın ərazisində kənd təsərrüfatının inkişafına xidmət edəcək 8.000 hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsi, Kür çayından əraziyə 2 istiqamətdə təsərrüfatdaxili su xəttlərinin çəkilməsi artıq təmin edilib. Ərazidə lazımi infrastrukturun yaradılması üçün Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2017-ci il tarixli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 oktyabr 2016-cı il tarixli sərancamlarına əsasən, dövlət büdcəsindən 3.200.000 manat vəsait ayrılıb. Aqropark üçün 10 ədəd müasir “New Holland” markalı traktor və 45 adda müxtəlif kənd təsərrüfatı maşın və qoşqu avadanlıqları lizinq yolu ilə alınıb, ümumi tutumu 15 mln. m³ olan 3 ədəd su tutarı inşa edilib, sahəsi 2.016 m² olan anbar tikilib. Ərazidə elektrik yarımstansiyası və 6 ədəd transformator quraşdırılaraq ümumilikdə 35 km elektrik xətti çəkilib. 2 ədəd üzən panton üzərində 3 ədəd yeni motor və su nasosu, həmçinin 1000 hektar torpaq sahəsində ABŞ-ın “Lindsay” şirkətindən alınmış 14 ədəd müxtəlif radiuslu müasir pivot suvarma aqreqatları və avadanlıqları quraşdırılıb.


Bütün bunlar məhsuldarlığa müsbət təsir göstərib. Nəticədə pivotaltı sahələrə ötən il şəkər çuğunduru əkilərək 14.000 ton məhsul yığılıb və İmişli şəkər zavoduna təhvil verilib. Cari ildə həmin pivotaltı sahəyə qarğıdalı bitkisi əkilib.


Ərzaq təhlükəsizliyinin təmin edilməsi layihəsinə töhfə vermək məqsədilə, Aqroparkda mövcud 1.000 hektar pivotaltı sahənin genişləndirilərək 2017-ci ildə 2.000 hektar, 2018-ci ildə 1.600 hektar olmaqla, ümumilikdə 4.600 hektara çatdırılması planlaşdırılır. Bu ilin payızında 3.000 hektar pivotaltı sahəyə taxıl əkilməsi və 15.000 ton məhsul istehsalı, 2018-cil ildə isə 3.000 hektar qarğıdalı əkilməsi və 30.000 ton məhsul götürülməsi nəzərdə tutulur.


İntensiv bağçılığın yaradılması məqsədilə isə 2.400 hektarda damlama suvarma sistemlərinin quraşdırılması prosesi artıq layihələndirilib. Nəticədə, gələcəkdə 36.000 ton məhsul istehsal olunacaq. Pivotaltı sahəyə gələcəkdə növbəli əkin prinsipinə uyğun olaraq soya, kartof, soğan və digər bitkilər də əkiləcək. Sözügedən məhsulların saxlanılması üçün 30 min tonluq taxıl-anbar kompleksinin qurulması, 10 min tonluq kartof saxlama-soyuducu kamerasının inşası planlaşdırılır.

8 min hektar torpaq sahəsini əhatə edəcək aqrotexniki qulluq prosesini vaxtında yerinə yetirmək məqsədilə ABŞ-ın “John Deere” şirkətinin istehsalı olan 30 adda müasir kənd təssərrüfatı texnika və avadanlıqlarının alınması da planlaşdırılır. Nəticədə, 5.000 daimi, 1.500 mövsümü iş yeri yaradılacaq, əlavə olaraq təsərrüfatdaxili yollar çəkiləcək.

Aqroparkın Könüllü kəndi ərazisində yerləşən hissəsinin ümumi ərazisi isə 604 hektardır. Bu ərazinin 100 hektarı sənaye sahəsi, 200 hektarı istixanalar, 274 hektarı intensiv bağçılıq, 25 hektarı tingçilik, 5 hektarı şıtilçılık üçün nəzərdə tutulub.

Mütəxəssislərin yekdil qənaətinə görə, regionlarda belə arqoparkların yaradılması, bu çərçivədə müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsi ölkənin ixrac potensialının artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, proqressiv metodların geniş tətbiqində, istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq. Aqroparkların yaradılması və inkişafı fermerlərə məsləhət, texniki, aqroservis və logistika xidmətlərinin göstərilməsinə, toxum, şitil, ting, dərman və gübrə ilə təmin olunmasına, kiçik fərdi istehsalçı səviyyəsindən genişmiqyaslı aqrar sənaye istehsalına keçidin, xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsinə şərait yaradacaq.

Lakin rayonda görülən işlər yuxarıda qeyd olunanlarla məhdudlaşmır. Məsələn, kənd təsərrüfatının yüksək gəlir gətirən sahələrindən olan baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün dövlət başçısının tapşırığına əsasən, ölkənin bütün bölgələrində olduğu kimi, Şəmkir rayonunda da bu sahəyə ciddi diqqət göstərilir. Belə ki, Şəmkir rayonunda Çindən ölkəmizə gətirilmiş tinglərdən yeni tut bağları salınıb. Rayonda 40 min tut tingi əkilib. Növbəti ildə bu rəqəmin 80 minə çatdırılması nəzərdə tutulub. Hətta gələcəkdə bu rəqəmin daha da yüksəldilməsi planlaşdırılır.

Son dövrlərdə Şəmkir rayonunda bir sıra infrastruktur layihələri də uğurla icra olunub. Avtomobil yollarının yenidən qurulması, yaşayış məntəqələrinin qazlaşdırılması, içməli su xətlərinin çəkilməsi bu qəbildəndir.
 

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox mühüm yol-nəqliyyat layihələri reallaşdırılır. Bu layihələrdən biri də Şəmkir rayonu ərazisində olan Yeni Göyçə - Dağ Cəyir avtomobil yoludur.

Layihənin icrasına Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən başlanılıb. Yol 5 min nəfər əhalinin yaşadığı 7 kəndi birləşdirir. Avtomobil yolu texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə inşa edilib. Ümumi uzunluğu 31 kilometr olan yol 4-cü texniki dərəcəyə aiddir, iki hərəkət zolaqlıdır, hərəkət hissəsinin eni 7 metrdir.


Layihə çərçivəsində 482,2 min kubmetr torpaq işləri görülüb, yol əsasının və çiyinlərin tikintisinə 112 min kubmetr çınqıl, qum-qırmadaş qarışığı və 55 min ton asfalt-beton qarışığı sərf edilib. İnşaat işləri zamanı müxtəlif diametrli 30 suötürücü boru tikilib, yol təhlükəsizlik dirəkləri, yol nişanı və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib. Prezident İlham Əliyev avqustun 20-də Şəmkir rayonuna səfəri zamanı yolun açılışında iştirak edib və rəmzi açlışı bildirən lenti kəsib.

Dövlət başçısının açılışında iştirak etdiyi müəssisələr sırasında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzi də xüsusi qeyd olunmalıdır.

Ümumi sahəsi 1100 kvadratmetr olan “Azərxalça” ASC Şəmkir filialında 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq və Gəncə, Şəmkir, Samux, Daşkəsən, Göygöl, Gədəbəy, Goranboy rayonlarının kəndlərində toxunan orijinal Gəncəbasar xalça çeşnilərinə üstünlük veriləcək.

Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Toxucular bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi şəkildə iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris kursları filial fəaliyyətə başladıqdan sonra da davam etdiriləcək və məzunlara “Azərxalça” ASC-nin sertifikatı veriləcək.

Şəmkirdə görülən işlər bununla yekunlaşmır. Rayonun Çinarlı bələdiyyəsinin nəzdində təsis edilmiş “Çinarlı qəsəbə” MMC-nin nəzdində “Şəmkir Səbəti” brendi altında kənd təsərrüfatı məhsullarının satışını həyata keçirəcək.

“Şəmkir Səbəti” ticarət mərkəzi tikintisi üçün Bakı-Qazax avtomobil yolunun 391-cu km-də müəssisəyə məxsus olan 5 hektar torpaq sahəsində əhalinin kənd təsərrüfatı məhsulları faraş meyvə tərəvəz və bütün növ ərzaq məhsulları ilə təmin etmək üçün milli memarlıq ənənələrinə uyğun olaraq 147 ədəd ağac konstruksiyasından ibarət olmaqla pərakəndə ticarətin təşkili üçün butiklər, sahəsi 7000 kv.m yaxın topdan satış ticarətin təşkili üçün qapalı sahələr sahəsi 500 kvm-dən ibarət “Ailəvi istirahət” yeməkxana binası, sahəsi 2000 kv.m-dən ibarət müasir dizaynla “Super market”, 5 ədəd soyuducu anbarlar və 3 ədəd sanitariya qovşağı inşa olunub.

Əraziyə içməli və suvarma su xətti çəkilmiş, 350 kub metr tutumu olan su anbarı tikilmişdir. 630 kva gücündə transformator yarımstansiyası və xüsusi dizaynla işıqlanma sistemi quraşdırılmışdır.

Layihədə nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün qoyulmuş investisyanın məbləği 8 milyon manatdır.
Görülmüş işlərə 2015-ci ilin mart ayında başlanılmış, 2017-ci ilin aprel ayında başa çatmışdır.

“Şəmkir Səbəti” ticarət mərkəzində daimi 350 mövsümü olaraq 500 nəfərədək iş yeri yaradılmışdır.

Eyni zananda bu gün “Şəmkir Səbəti” ticarət mərkəzinin nəznində fəaliyyət göstərən “Şəmkir Səbəti Supermarket”in də açlışı baş tutub. İstəyənlər buradan məhşur Şəmkir səbətini də sifariş verə bilərlər.

Bu gözəl məkan qısa zamanda təkcə Şəmkir sakinlərinin deyil, ümumilikdə region əhalisinin ən sevimli ticarət mərkəzinə çevrilməyi bacarıb. Bu gün də ticarət mərkəzinin açılışında insanların marağı diqqətdən yayınmayıb.

“Azərişıq” ASC-nin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzinin istifadəyə verilməsilə isə, əhalinin fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunmasına şərait yaranıb. Eyni zamanda, şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsi, sərfiyyat göstəricilərinin real vaxt rejimində monitorinqi, abonent məmnunluğunun təmin olunması mümkün olacaq. Bundan başqa, sayğac göstəricilərinin on-line rejimdə oxunması təmin ediləcək, insan amili aradan qaldırılacaq, qəzaların qarşısı alınacaq.

Rayonda əhalinin elektrik enerjisinə olan tələbatının ödənilməsi istiqamətində digər işlər də görülüb. Belə ki, Şəmkir şəhəri, Kür qəsəbəsi, Dəllər Cəyir və Dəllər-Daşbulaq kəndlərindən sonra Çaparlı kəndinin də elektrik təsərrüfatı yenidən qurulub, abonentlər “smart” tipli sayğaclarla təmin olunublar.
Rayonun kənd və qəsəbələrində məktəb, uşaq bağçası və xəstəxanaların təmir və tikintisi, Şəmkir şəhərinin su və kanalizasiya sisteminin yenilənməsi layihələri də davam etdirilir. Sosial məsələlərə böyük diqqət ayrılan rayonda İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılan “Gənc Həkimlər Birliyi”nin üzvləri kəndbəkənd gəzərək imkansız insanları müayinə edirlər. “Gənc Müəllimlər Birliyi” isə cavan və istedadlı kadrları bir yerə toplayaraq rayonda təhsilin inkişafına töhvə verir.

 

TARİX VƏ MƏDƏNİYYƏT

 

Şəmkir müasirliyi ilə yanaşı tarixi görkəmini, ümumiyyətlə tarixini də qoruyur. 2006-cı ildən rayonda Narınqala ərazisində arxeoloji ekspedisiya fəaliyyət göstərir. Aparılan tədqiqat zamanı bu ərazilərdə dulusçuluğun inkişaf etdiyi, rəngli keramik və saxsı qabların, müxtəlif bəzək əşyalarının istehsal edildiyi müəyyənləşdirilib.
Şəhər memarlığı da xüsusi diqqət çəkir. Orta əsr Şəmkir qalası istər moğolların, istərsə də rusların istilası zamanı dağıdılsa da, şəhərin arxitekturasını, binatikmə mədəniyyətini tam şəkildə öyrənmək mümkün olub.

Orta əsr Şəmkir qalasının ümumi ərazisi 28 hektardır. Builki tədqiqatlar nəticəsində monumental binanın şimal hissəsi tamamilə öyrənilib. Məlum olub ki, monumental binanın 10-dan çox otağı olub və bütövlükdə iki min kvadratmetr sahəni əhatə edib. Divarların bünövrəsi çay daşı ilə gil məhlulundan istifadə olunmaqla qoyulub. Tikilinin bu hissəsi təxminən 1-2 metrdir. Daha sonra seysmik qurşaq yaradılıb, yəni ağacdan lay təbəqə qoyulub ki, bu da zəlzələyə davamlılığı artırıb. Monumental binanın şimal divarı da tam tədqiq olunub. Müəyyən edilib ki, şərq və cənub divarları kimi, şimal hissəsi da qəsr divarı kimi inşa edilib, dairəvi bürclərlə möhkəmləndirilib. Orta əsr Şəmkir qalasının tarixi öyrənilməklə yanaşı, bu qədim memarlıq abidəsinin qorunub gələcək nəsillərə ötürülməsi üçün zəruri bərpa işləri görülüb.

Şəmkir qalasında tapılan eksponatların böyük hissəsi isə bu günlərdə istifadəyə verilən Tarix-Diyarşünaslıq muzeyinə təqdim olunub. Rayona səfəri zamanı Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə, həm ölkəmizin, həm də Şəmkirin tarixini əks etdirən eksponatlar, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Şəmkirə səfərlərini əks etdirən fotolar, rayonun tanınmış ziyalıları, qəhrəmanları barədə məlumatlarla tanış olub.


Qeyd edək ki, muzeyin ümumi ərazisi 0,26 hektardır. İki mərtəbədən ibarət muzey binasının ümumi sahəsi isə 800 kvadratmetrdir.

Birinci mərtəbədə iki bölmə yerləşir. Birinci bölmədə miniatür rəsm sərgisi və ekspozisiya zalı, ikinci bölmədə isə elektron informasiya lövhəsi və ekspozisiya zalı var. Muzeydə mövcud olan 6 minə yaxın eksponatdan 350-si ekspozisiya zallarında sərgilənir. Bu eksponatlar, əsasən, qədim tunc dövrünə və XVIII-XIX əsrlərə aiddir.

Binanın həyətyanı sahəsində yaradılmış “Açıq muzey”də isə müxtəlif filmlərin personajlarının heykəlləri qoyulub. Həyətdə müasir işıqlandırma sistemi quraşdırılıb və yaşıllıq zolağı salınıb.

… Şəmkirin özünəməxsus arxitekturaya sahib olduğunu qeyd etmişdik. Burada uca çinarlarla müşayiət olunan küçələr, həmin küçələr boyunca alman arxitekturası nümunələri olan taxta evlər görmək mümkündür. Şəmkirin 5 küçəsi - Nizami, Səməd Vurğun, Israfil Məmmədov, Həzi Aslanov və Sabir küçələrində taxta eyvanları oyma sənəti ilə işlənmiş bu evlərin hər biri ayrı-ayrılıqda bir muzey təsiri bağışlayır. 

Keçidlər