Şriftin ölçüsü :

Saytın rəngi :

"Böyük Yol" Gənclər İctimai Birliyinin təqdimatı keçirilib

22 sentyabr 2017 | 16:00

Son dövrlərdə Şəmkir rayonunda dövlət gənclər siyasətinin həyat keçirilməsi istiqamətində bir çox uğurlu işlər görülüb. Buna misal olaraq bu yaxınlarda 4 yaşını qeyd etdiyimiz Zəka Gənclər Mərkəzidir. Bununla yanaşı Respublikada pilot layihə olaraq ilk dəfə Şəmkir rayonunda icra hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “Gənc Həkimlər Birliyi”, “Gənc Müəllimlər Birliyi” və “Gənc Tərbiyəçilər Birliyi” yaradılıb.

Şəmkir Rayon İcra Hakimiyətinin başçısı cənab Alimpaşa Məmmədov 2014-cü il dekabrın 13-də rayonun gənc həkimləri ilə görüş keçirdi. Elə həmin gün “Gənc Həkimlər Birliyi”nin yaranması kimi tarixə düşdü.

Bunun ardınca rayon İcra Hakimiyyətinin başçısı 2015-ci ilin fevral 28-də rayonun gənc müəllimləri ilə görüşdü və bu tarix “Gənc Müəllimlər Birliyi”nin təsis olunması kimi yadda qaldı.


Bütün bu görülən işlərin məntiqi nəticəsi olaraq Şəmkir rayonu 2016-cı ildə Azərbaycanın Gənclər paytaxtı seçildi.

2016- cı ilin oktyabr ayının 3-də isə rayonun gənc tərbiyəçilərindən ibarət “Gənc Tərbiyəçilər Birliyi” yarandı.

2017-ci il fevralın 2-də, Ulu öndərin gəncliyə ərmağan etdiyi “Gənclər günü”ndə Şəmkir rayonunda fəaliyyət göstərən ictimai birliklərin bir araya gəldi.
Elə həmin gün Ulu öndər irsinin öyrənilməsi yolu – “Böyük Yol” Gənclər İctimai Birliyi təsis edilidi. İyunun 29-u tarixi isə “Böyük Yol” Gənclər İctimai Birliyi Dövlət qeydiyyatına alınması və Şəmkir gəncliyinə yeni bir nəfəsin verilməsi ilə nəticələdi.

Sentiyabrın 21-də isə “Böyük Yol” Gənclər İctimai Birliyinin Şəmkir Heydər Əliyev Mərkəzində təntənəli təqdimat mərasimi keçirildi.
Təqdimat mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-Siyasi Məsələlər şöbəsinin baş məsləhətçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini Vusal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Millət Vəkili Sona Əliyeva, idarə və müəssisə rəhbərləri və rayonun aktiv gəncləri iştirak edib.


Tədbirdə giriş nitqi ilə çıxış edən “Böyük Yol” GİB- nin sədri Güllü Atakişiyeva birliyin yaradılmasının əsas məqsədi və gələcəkdə görüləcək işlər barədə qonaqlara məlumat verib.


Daha sonra çıxış edən qonaqlar yenicə yaradılmış İctimai Birliyə gələcək fəaliyyətində uğurlar arzulayıb və gənclərin inkişafında böyük rol oynayacağını vurğulayıblar.

Tədbirin sonunda Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov çıxış edərək “Böyük Yol”un təsis olunmasına zəmin yaradan işlərdən danışıb və qeyd edib ki, bu Birlik gəncləri daha böyük uğurlara aparan yol olacaq.


Tədbir Birliyin loqosunu özündə əks etdirən tortun kəsilməsi və xatirə şəklinin çəkilməsi ilə başa çatdı.


Keçidlər