Şriftin ölçüsü :

Saytın rəngi :

"Bu günə qədər heç bir icra başçısına Fəxri fərman təqdim etməmişdik"

21 sentyabr 2017 | 16:00

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Şəmkir şəhərində, Heydər Əliyev Mərkəzində "QHT-Hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları" mövzusunda regional konfrans keçirib.


Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-Siyasi Məsələlər şöbəsinin baş məsləhətçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini Vusal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Millət Vəkili Sona Əliyeva, rayon icra hakimiyyətinin məsul işçiləri, Qarabağ müharibəsi veteranları, müxtəlif sahələr üzrə həmkarlar ittifaqının sədrləri və təhsil, səhiyyə müəssələrinin əməkdaşları iştirak ediblər.


Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov regionda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlığa və regionda ictimai sektorun inkişafına verdiyi töhfəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən Fəxri Fərmanla təltif edilib.


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, bu Fəxri Fərmanla ilk dəfədir ki, bir icra başçısı təltif edilir: “Bu günə qədər heç bir icra başçısına Fəxri Fərman təqdim etməmişdik. Şəmkir rayonunda QHT-lərin fəaliyyəti göstərir ki, burada rayon rəhbərliyi tərəfindən onlara böyük dəstək göstərilir. Bu konfransın Şəmkirdə keçirilməsi də təsadüfi deyil. Şəmkir eyni zamanda tanınmaz dərəcədə dəyişib. Rayonun Avropaya xas inkişafı göstərir ki, burada yüksək idarəçilik mövcuddur. Eyni zamanda rayon rəhbərliyi tərəfindən QHT-lərlə səmərəli əməkdaşlıq mövcuddur”.
Öz növbəsində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da təşəkkürünü bildirib: “Bu tək mənim Fəxri Fərmanım deyil, bütün şəmkirlilərə verilən bir mükafatdır. Əməyimizə göstərilən qiymətə görə hər birinizə təşəkkürümüzü bildiririk. Bundan sonra daha çox işləməli, QHT-lərlə səmərəli fəaliyyətimizi davam etdirməliyik”.


Qeyd edək ki, Fəxri Fərmanı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-Siyasi Məsələlər şöbəsinin baş məsləhətçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini Vusal Quliyev təqdim edib.

Keçidlər