Şriftin ölçüsü :

Saytın rəngi :

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Mobil Səhra Cərrahiyyə Hospitalı ilə tanış olub.

20 avqust 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şəmkir rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının imkanları ilə tanış olub.

 
Bu gün artıq hamıya məlumdur ki, Azərbaycan ordusu nəinki regionun, eləcə də dünyanın ən peşəkar ordularından biridir. Şübhəsiz ki, peşəkar ordu xalqın müstəqilliyinin əbədi olmasını şərtləndirən mühüm amillərdəndir. Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Odur ki, 2003-cü ildən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar ordumuzun gücünü daha da artırır. Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının alınması da son illərdə ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərin tərkib hissəsidir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə 2013-cü ildə Türkiyə Respublikasının “Turmaks” firmasından ən müasir tibbi avadanlıqla təchiz edilmiş Mobil Səhra Cərrahiyyə Hospitalı alınaraq Silahlı Qüvvələrin istifadəsinə verilib. Əsas hissəsi 8 konteynerdən və 9 çadırdan ibarət olan mobil hospitalda gün ərzində 100 cərrahi əməliyyat aparmaq mümkündür.

 
Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısına səyyar hospital barədə məlumat verildi. 2013-cü ilin iyun ayının 24-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında açılaraq dövlətimizin başçısına təqdim edilən bu Mobil Səhra Cərrahiyyə Hospitalı Silahlı Qüvvələrə təhvil verildiyi gündən indiyədək döyüş bölgələrində təyinatı üzrə fəaliyyət göstərib, 2016-cı ilin aprel döyüşlərində yaralı və xəstələrə tibbi yardım göstərilməsi zamanı praktiki olaraq sınaqdan keçirilib. Hospital 2,5 min kvadratmetr sahədə açılır. Açıldıqdan bir saat sonra xəstələri qəbul edə, 4-6 saatdan sonra isə öz funksiyasını tam yerinə yetirə bilir. Burada gündə 150-dək xəstəyə tibbi xidmət göstərmək mümkündür. Hospital yaralıların və xəstələrin qəbulu, qeydiyyatı və diaqnozun qoyulması üçün nəzərdə tutulan çeşidləmə, idarəetmə və rabitə, həmçinin diaqnostika çadırlarından ibarətdir. Diaqnostika çadırında müayinələr aparmaq üçün rəqəmsal rentgen, USM, 12 kanallı elektrokardioqraf aparatları və 24 göstəricini eyni zamanda verən qan analizatoru mövcuddur. Həmçinin hospitalın 2 əməliyyat, 2 intensiv terapiya bloku və hər birində 8 çarpayı olan 6 müalicə çadırı var. Hospitalın özəlliyi onun konteyner və çadırlarının qısa müddətə hazır vəziyyətə gətirilməsindədir. Konteynerləri 5-7, çadırları isə 7-9 dəqiqəyə hazırlamaq mümkündür. Bu isə hospitalın daşınma prosesini asanlaşdırır. Səyyar hospital şəxsi heyətin yataqxanası, aptek, mətbəx, hamam və sanitar qovşaqla təchiz olunub. Bütün konteynerlərdə və çadırlarda işıq, mərkəzləşdirilmiş havalandırma və yanğın əleyhinə xüsusi sistemlər quraşdırılıb. Mobil Səhra Cərrahiyyə Hospitalının tam həcmdə fəaliyyəti üçün 25 nəfər həkim və digər hərbi qulluqçular, ümumilikdə 88 nəfər nəzərdə tutulub.

Keçidlər