Şriftin ölçüsü :

Saytın rəngi :

600-dən yüksək bal toplayaraq ali məktəblərə qəbul olan gənclərimizlə görüş keçirildi.

02 sentyabr 2025 | 16:57

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olan rayon gəncləri ilə görüş keçirib.
İcra başçısı əvvəlcə qazandıqları yüksək nəticələrə görə abituriyentləri təbrik edib, onların bu uğurlarında pay sahibi olan valideynlərinə və müəllimlərinə minnətdarlığını bildirib.
Ulu öndər Heydər Əliyevin ölkəmizdə təhsilə verdiyi önəmdən danışan Rəşad Tağıyev vurğulayıb ki, təhsil sahəsini həyatımızın ən gərəkli, ən mühüm sahəsi hesab edən Ümummilli Lider təhsil siyasətinə hər zaman dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb. Ulu Öndər tərəfindən təməli qoyulmuş inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun olaraq davam və inkişaf etdirilir.
Rəşad Tağıyeb çıxışında bildirib ki, bu gün Prezident cənab İlham Əliyevin qayğısı sayəsində reallaşan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər, təhsilin inkişafı istiqamətində atılan uğurlu addımlar, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələrinin ən müasir tədris avadanlığı ilə təchiz edilməsi bütün bölgələrimizi, o cümlədən Şəmkir rayonunu da əhatə edir: “Rayonumuzda da mərhələli şəkildə təhsil müəssisələri yenilənir, şagirdlərin rahat təhsil alması üçün imkanlar genişləndirilir. Bu sahədə görülən işlər çərçivəsində təkcə son 5 ildə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-lisey müasir standartlara uyğun yenidən quruldu, Zəyəm qəsəbəsi və Zəyəm Cırdaxan kəndində məktəb binaları əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verildi. Eyni zamanda ucqar dağ kəndlərimizdə modul tipli məktəblər yaradıldı. Hazırda isə Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbdə və Cahangir Rüstəmov adına tam orta məktəbdə əsaslı təmir-bərpa işlər aparılır”.
Qazax – Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov da çıxışında ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışıb, rayonda təhsilin inkişafı üçün görülən işlər haqqında məlumat verib.
V.Dadaşov qeyd edib ki, dövlət başçımızın təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır.
Tədbirdə çıxış edən yüksək bal toplayaraq tələbə adını qazanan gənclər və onların valideyinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını çatdırıb, ali təhsillərini də yüksək nəticələrlə başa vurub gələcəkdə vətənimiz, dövlətimiz üçün layiqli vətəndaş olacaqlarını bildiriblər.
Sonda qəbul imtahanlarinda yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan rayon gənclərinə RİH başçısı tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim olunub.

Keçidlər