Şəmkirin Dəllər qəsəbəsini içməli su ilə təmin edən yeni su xətti çəkilib
17 iyul 2017 | 16:00
Şəmkirçay Su Anbarından çəkilən 7,8 kilometr uzunluğunda su xətti isti yay günlərində Şəmkir rayonuun ən böyük yaşayış məntəqələrindən olan Dəllər qəsəbəsində içməli su problemini tamamilə aradan qaldıracaq. 5.151 sakinin yaşadığı və indiyədək elektrik enerjisi, təbii qazla təmin olunan qəsəbədə sakinlərin suya olan təlabatı da rayon İcra Hakimiyyətinin təşəbbüsü, Yaponiyanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə çəkilən su kəməri vasitəsi ilə tam ödəniləcək.
Qəsəbəyə suyun verilməsi lə bağlı keçirilən tədbirdə çıxış edənlər son illər Şəmkirdə reallaşan layihələrdən danışıb, rayonda əhalinin problemlərinin həlli istiqamətində görülən işlərdən söz açıblar.
Şəmkir rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Ramiz Rəhimov bildirib ki, əhalinin qaldırdığı bütün sosial məsələlər mərhələli şəkildə öz həllini tapacaq: “Bu gün Dəllər qəsəbəsinə içməli suyun verilməsini qeyd edirik. Təmiz içməli su isə sağlam həyat deməkdir. Dövlət başçımız cənab İlham Əliyevin tapşırıqlarına əsasən, rayon rəhbərliyinin də siyasətinin mərkəzində duran Azərbaycan vətəndaşıdır. Ona görə, Şəmkirin hər bir qəsəbə və kəndinə təmiz içməli suyun çəkilməsi xüsusi əhəmiyyət daşıyır. Sizi əmin edirəm ki, rayon ərazisində bütün su xətləri yenidən qurulacaq, qısa vaxtda içməli su problemi tam şəkildə öz həllini tapacaq”. R.Rəhimov qeyd edib ki, bütün layihələr insanların rahat yaşaması üçün icra edilir.
Qəsəbə sakinləri adından çıxış edən Dəllər Ağsaqqallar Şurasının sədri Akif Xəlilov bildirib ki, indiyədək “qadınlar, uşaqlar, gənclər istifadə etmək üçün müxtəlif mənbələrdən su daşıyırdılar. Sakinlər keyfiyyətsiz sudan istifadə etməyə məcbur idi. Bu gün isə qəsəbəmizə böyük töhfə verilir – təmiz, saf suyun açılışını edirik. Saf su isə insan orqanizmi üçün əvəzolunmaz nemətdir”.
Qəsəbə ağsaqqalı qeyd edib ki, Şəmkir qısa zamanda simasını dəyişib. Rayonda yeni parklar, küçələr salınır, evlər, inzibati binalar tikilir. A.Xəlilov görülən işlərə görə ölkə Prezidentinə sakinlər adından təşəkkürünü bildirib: “Bu gün tək Şəmkir deyil, Respublikamızın inkişafı göz qabağındadır. Bunu inkar etmək olmaz. Biz bundan sonar da övladlarımızın firavan yaşayışını məhz İlham Əliyevin rəhbərliyi altında görmək istəyirik”.