Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya çempionu Maqnus Karlsen partiyadan sonra keçirilən mətbuat konfransında

22 aprel 2014 | 15:00

Dünya çempionu Maqnus Karlsen partiyadan sonra keçirilən mətbuat konfransında "Shamkir Chess 2014" turnirinin 1-ci turunda Şəhriyar Məmmədyarov üzərində qələbədən danışıb: "Ağ fiqurlarla oynayırdım və demək olar ki, taktika seçimim düzgün oldu. Son 3 klassik turnirin ilk turunda qələbə qazanmışam. Bu dəfə də belə oldu. Heç bir problem olmadı. Rahat qələbə qazandım. Şəmkirə maraqlı partiyalar üçün gəlmişəm. Əlbəttə nəticə vacibdir. İstərdim hər turda uğurlu çıxış edim."

Maqnus Karlsen eyni zamanda Omanda keçdiyi təlim-məşq toplanışı barədə danışıb: "Oman iqlim cəhətdən Azərbaycana yaxındır. Orada da hava isti idi. Ona görə məhz Omanı seçmişdim. Təşkilatçılıq barədə demək istərdim. Hər şey çox yaxşıdır. Şəmkirdə olduğum müddətdə qonaqpərvərlik və yaxşı insanlar görmüşəm."

Dünya çempionu mötəbər turnirin yaxın dostu Vüqar Həşimova həsr olunmasını yüksək qiymətləndirib: "Vüqar mənə yaxın insan olub. Təqdir etdiyim şahmatçı idi. Ona böyük hörmətim var. Turnirin ona həsr olunması yaxşı haldır."
Şəhriyar Məmmədyarov "Shamkir Chess 2014" turnirinin ilk turundan sonra baş tutan mətbuat konfransında məğlubiyyətinin səbəbi barədə danışıb: "Debüt ev tapşırığı idi. Sadəcə bəzi məqamları yaddan çıxartdım. Belə vəziyyəti izləmişdim. Qara fiqurlarda problem olmalı deyildi. Amma dünyanın 1 nömrəli şahmatçısı səhvsiz oynadı və nəticəni gördük. Müdafiə sona yaxın sadəcə mümkün deyildi. Açılışda püşk atılanda ilk turun çətin olacağını bilirdim. Startda Maqnusa qarşı oynamaq çətindi. Orta turlarda olsaydı yaxşı olardı. Karyeramda iki dəfə Karlsenə uduzmuşam. Hər ikisi ilk turda olub. 2008-ci il Veyk-An-Zee turnirində və indi Şəmkirdə. İkinci dövrədə yenidən görüşəcəyik. Ona tam fərqli oyun olar."

Məmmədyarov ötən gecə nərd oynadığını da etiraf etdi: "Təşkilatçılıq yüksək səviyyədə olduğu üçün şahmatçıların boş vaxtı çox olur. Ona görə nərd oynamışdım. Hər halda nərd bu günkü partiyadan daha yaxşı alındı.
 

Keçidlər