Şriftin ölçüsü :

Saytın rəngi :

“Shamkir Chess- 2014” şahmat turnirinin təntənəli açılış mərasimi olmuşdur

20 aprel 2014 | 15:00

19.04.2014cü il tarixində  Şəmkir şəhər  Heydər Əliyev Mərkəzində Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr edilmiş “Shamkir Chess- 2014” şahmat turnirinin təntənəli açılış mərasimi olmuşdur.
Turnirin açılış mərasiminə toplaşanlar əvvəlcə Vüqar Həşimovun xatirəsini bir dəqiqə sükutla yad etmişlər.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov təbrik yarış iştirakçılarına müvəffəqiyyətlər arzulamışdır. O, Azərbaycan dünya idmanının mərkəzlərindən birinə çevrildiyini qeyd etmiş və ümidvar olduğunu bildirmişdir ki, bu turnirdə ən güclü iştirakçı qalib gələcəkdir. N.Veysov bu yarışın böyük əhəmiyyətini qeyd edərək demişdir: “Bu turnirin məhz Şəmkirdə keçirilməsi bizim üçün böyük şərəfdir. Rayonumuz sürətlə inkişaf edir. Biz yarışların yüksək səviyyədə keçməsi və bütün qonaqlarımızın razı qalması üçün nə mümkündürsə, edəcəyik”.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov demişdir: “Bu gün Azərbaycanda ölkə tarixində ən güclü şahmatçılardan birinin xatirəsinə həsr edilmiş turnir başlayır. Təəssüf ki, bu gün o bizim aramızda yoxdur”.
Sonra çıxış edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov vurğulamışdır ki, ümummilli lider Heydər Əliyev Azərbaycan şahmat məktəbinin formalaşmasında böyük rolu oynamışdır. çox cəhətdən məhz Ulu Öndərin sayəsində ölkədə istedadlı şahmatçı nəsli yetişmişdir. Azərbaycan Prezidenti İlham Əliyev də şahmatın inkişafına böyük diqqət yetirir.
Ölkədə şahmatın inkişafı üzrə Dövlət Proqramı qəbul edilmişdir. Son vaxtlar Azərbaycan əsl şahmat dövlətinə çevrilmişdir. Hazırda Azərbaycan yığmasının Avropa çempionu olması faktı bunu təsdiq edir. 2016-cı ildə Dünya Şahmat Olimpiadası Azərbaycanda keçiriləcəkdir. Bu, həqiqətən möhtəşəm hadisədir.
Beynəlxalq qrossmeyster Vüqar Həşimovun atası Qasım Həşimov qeyd etmişdir ki, bu turniri həm də Vüqar dostlarının turniri adlandırmaq olar. O demişdir: “Vüqar bu zalda əyləşən insanlarla şahmat oynamış, onlarla birlikdə Azərbaycan üçün Avropa çempionu titulu qazanmışdır. Bu gün düz 100-cü gündür ki, Vüqar bizim aramızda yoxdur. Vüqar yalnız mənim oğlum deyildi, o həm də bütün Azərbaycan xalqının oğlu idi. O, öz şahmat karyerası dövründə 80-dən çox medal qazanmışdır”. Q.Həşimov turnirin təşkilatçısının – “Synergy Group” şirkətinin peşəkar işini də qeyd etmiş və bu yarışın ənənəvi hal alacağına ümid etdiyini bildirmişdir.
Açılış mərasimində istedadlı Azərbaycan qrossmeysteri haqqında “Vüqar Həşimovun təbəssümü” adlı videoçarx nümayiş etdirilmişdir.
Sonra Vüqar Həşimova və Şəmkir turnirinə həsr edilmiş marka təqdim olunmuşdur. Markanı turnirin apelyasiya komissiyasının rəhbəri, Vüqar Həşimovun dostu və onun məşqçilərindən biri - moldovalı qrossmeyster Viorel İordakesku təqdim etmişdir.
V.İordakesku demişdir: “Vüqar Həşimov ilə tanış olduğum gün mənim həyatımda ən xoşbəxt günlərdən biri olmuşdur. Vüqar mənim həyatımın bir hissəsinə, ailəmin bir hissəsinə çevrilmişdi. Onun ölümü ilə əlaqədar sanki həyatımın bir hissəsini itirmişəm”.
“Synergy Group” şirkətinin Müşahidə Şurasının rəhbəri Riad Hüseynov turniri açıq elan etmişdir.
Sonra püşkatma mərasimi keçirilmişdir.
Turnirin baş arbitri - Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovdur.
Rəsmi açılış mərasimdən sonar musiqili proqram və furşet  təşkil olunmuşdur.

Keçidlər