Şəmkirdə təşviqat qrupları ideoloji işi səmərəli aparır
Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun genişləndiyi və demokratiyanın bərqərar olduğu dövrdə cəmiyyətimizdə gedən proseslərin düzgün qiymətləndirilməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin hər bir Azərbaycan vətəndaşı tərəfindən dərindən öyrənilməsi həyati zərurətə çevrilmişdir. Bununla əlaqədar ideoloji iş, xüsusi ilə bu işin həlledici sahəsi olan təbliğat işinin gücləndirilməsi və səmərəliliyinin artırılması son dərəcə böyük əhəmiyyət kəsb edir.
Şəmkir rayonu ərazisində ictimai-siyasi və təbliğat işinin səmərəliliyinin artırılması məqsədi ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun 26 may 2017-ci il tarixli SƏRƏNCAMI-na əsasən təşviqat qrupları yaradılıb.
Təşviqat qrupları rayonun müxtəlif qəsəbə və kəndlərində əhali ilə görüşlər keçirir, cəmiyyətimizdə gedən proseslərin əhaliyə çatdırılması və rayon sakinləri arasında düzgün qiymətləndirilməsi işini həyata keçirir.
Yaradılan təşviqat qrupunun növbəti yığıncağı rayonun Kür qəsəbəsində keçirilib. Görüşdə iştirak edən təşviqat qrupunun rəhbəri-Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, təşviqat qruplarının üzvrləri- Şəmkir Rayon Vətəndaş Aktlarının Qeydiyyat İdarəsinin (VAQİ) müdiri Ruziyyə Allahverdiyeva, Şəmkir Su Elektrik Stansiyasının direktoru Misir Yusibov iştirak ediblər. Eyni zamanda tədbirdə qonaq qismində Gəncə Dövlət Universitetinin Ümumi Tarix kafedrasının Baş müəllimi Bəxtiyar Məhərrəmov, Azərbaycan Tarixi kafedrasının Baş müəllimi Eldar Mehdiyev də iştirak ediblər.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev toplantını açıq elan edərək son dövrlərdə ölkədə və Şəmkir rayonunda aparılan işlər barəsində geniş məruzə edib.
Bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən daxili və xarici siyasət kursuna uyğun olaraq Azərbaycan Respublikası bu gün beynəlxalq aləmdə böyük nüfuz qazanmış, iqtisadi və sosial mədəni sahələrdə yüksək nailiyyətlər əldə edib.
Digər çıxış edənlər də ölkəmizdə və dünyada baş verən hadisələr haqqında sakinlərə ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan hazırda dünyanın ən sakit və təhlükəsiz ölkəsidir.