İcra başçısı Şəmkirin kəndlərini birləşdirən yolda aparılan işlərlə yaxından tanış olub
Müstəqillik əldə etdikdən sonra respublikamızın hər bir bölgəsində böyük sosial-iqtisadi inkişaf baş verib. Belə inkişaf etmiş, müasir görkəmi ilə diqqət çəkən rayonlarımızdan biri də Şəmkirdir.
Şəmkir son bir neçə ildə demək olar ki, tamamilə dəyişib. Rayon ərazisində küçə və meydanlar, parklar abadlaşdırılıb, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, qəsəbədaxili küçələrdə təmir işləri aparılıb və yenidən qurulub, su və kanalizasiya sistemləri yenilənib, yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilib.
Şəmkirdə son dövürlərdə təkcə rayon mərkəzində deyil, kənd və qəsəbələrdə də abadlıq işləri aparılır. Dövlət vəsaiti hesabına Şəmkirin Yeni Göyçə, Çaykənd, Dağ Cəyir kəndlərini rayon mərkəzi ilə birləşdirən yolda təmir işləri aparılır.Bu günlərdə sözügedən yola yeni asfalt örtüyü çəkilib, bir hissəsi artıq hazır vəziyyətə gətirilib.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov yeni çəkilən yolda gedən işlərlə yaxından tanış olub. Rayon İcra Hakimiyyətinin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verilib.
Qeyd edək ki, hazırda təmir-bərpa işlərinin aparıldığı ərazi boyu təqribən 10 minə yaxın əhalinin yaşadığı yaşayış məntəqələri mövcuddur. Nəticədə həm bu əhalinin gediş-gəlişi rahatlaşır, həm onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxt ərzində istədikləri ünvanlara çatdırmağa imkan yaranır, həm də sözügedən ərazidə turizm potensialı daha da artır.