Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Rayon İcra Hakimiyyətinin başçsısı Almaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

16 iyun 2017 | 16:00

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab 19-cu əsrdə alman mühacirlərinin məskunlaşması ilə əlaqədar Azərbaycan bölgələri arasında əhəmiyyətli yeri olan Şəmkir rayonuna səfər edib. Səfir M.Kindsqrab bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovla görüşüb.

Görüşdə Millət vəkilləri Sona Əliyeva və Rövşən Rzayev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, başçının müavini - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva, Almaniya səfirliyindən isə səfir Mixael Kindsqrabla yanaşı, səfirliyin Konsulluq Şöbəsinin attaşesi, İqtisadi və Mədəni Əlaqələr Departamentinin rəhbəri xanım Hayke Mökel iştirak ediblər. 
Görüş zamanı Almaniya-Azərbaycan münasibətlərində aktual məsələlər müzakirə olunub. 
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov alman diplomatları salamlayıb, onları Azərbaycanın ən gözəl, müasir və qədim şəhərlərindən olan Şəmkirdə görməkdən məmnun olduğunu bildirib

Rayon İcra Hakimiyyətinin başçısı əvvəlcə qonaqlara Şəmkirin zəngin mədəniyyəti, təbiyyəti, kənd təsərrüfatı, sənaye potensialı və bu istiqamətdə həyata keçirilən çoxşaxəli layihələrdən söhbət açıb: “Şəmkir Azərbaycanın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Bizim istixanalarda becərilən pomidor, xiyar, xurma ölkəmizlə yanaşı xarici bazarlara da çıxarılır.” 
Cənab Alimpaşa Məmmədov Azərbaycanın multikulturalizmə böyük dəyər verdiyini və bu sahədə ölkə Prezidenti tərəfindən atılan addımların önəmindən danışıb: “ Bu işlərin bir parçası da Şəmkir rayonunda aparılır. Şəmkirdə bu gün 16-dan çox azsaylı xalqlar xoşbəxt, mehriban şəraitdə yaşayırlar.” İcra başçısı Şəmkirdəki alman mədəniyyətindən də söhbət açıb: “Şəmkirdə alman mədəniyyəti həssasləqla qorunur. Biz 151 alman evini yenidən bərpa etdik. Həmin vaxt bütün xırda detallar belə almanlardan qaldığı kimi təmir edildi. Xüsusilə də evlərin rənglənməsi bizim üçün ən vacib məsələlərdən idi. Buna görə xüsusi mütəxəssislər dəvət olundu. Biz bütün bu işləri sevərək həyata keçirdik. Bu gün şəmkirlilər və rayonumuzun qonaqları üçün Şəmkirdəki alman mədəniyyəti xüsusi maraq kəsb edən yerlərdir.” 
Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab da öz növbəsində icra başçısına görüş üçün təşəkkürünü bildirib: “ Şəmkirə daxil olarkən qeyd etdiyiniz inkişafı gözlərimizlə gördük. Mən sizi təbrik edirəm ki, gördüyünüz işlər bu qədər uğurlu alınıb. İstərdik ki, Azərbaycan məhsulları gələcəkdə Avropa bazarlarına geniş şəkildə çıxarılsın. Çünki Azərbaycanda olduğum müddətdə məhsullarınızın nə qədər keyfiyyətli olduğunu gözlərimlə gördüm.” 
Almaniyalı diplomat Şəmkirdə alman mədəniyyəti bağlı görülən işləri də yüksək qiymətləndirib: “ Bütün Almaniya dövləti adından sizlərə təşəkkürümü bildirirəm. Dövlətimiz gördüyünüz işləri yüksək qiymətləndirir. Bu tək bizim deyil, eyni zamanda Azərbaycan mədəniyyətinin də bir parçasıdır.” M.Kindsqrab almanların Azərbaycanda çətin dövrlərdə yaşadığını bildirib: “ Almanların Azərbaycana gəlişi tarixin çətin dövrlərində oldu. Onlar ölkənizdə qala bilməsələr də bir tarix qoyub getdilər. Biz çox şadıq ki, bu tarixi siz yüksək səviyyədə qoruyub saxlayırsınız.” 
Səfir M.Kindsqrab Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədova bütün işlərin başında şəxsən dayandığı və ən xırda detalları belə diqqət mərkəzində saxladığı üçün təşəkkürünü bildirib: “ Bizim çox gözəl əlaqələrimiz var. İnanıram ki, əməkdaşlığımız çox səmimi və hər iki dövlət üçün sərfəli olacaq. Şəmkirdə görülən işlərə baxdıqca biz çox xoşbəxt oluruq. Ona görə də rayonunuza hər səfərimdə həvəslə gəlirəm.”
Səfir Kindsqrab Azərbaycan tərəfinin iqtisadiyyatın şaxələndirilməsi ilə əlaqədar səylərini yüksək qiymətləndirib və Alman-Azərbaycan biznes əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. O bildirib ki, Moskvadan başqa MDB məkanında yeganə Bakıda fəaliyyət göstərən Alman-Azərbaycan xarici ticarət palatası biznesdə maraqlı alman və azərbaycan şirkətləri üçün əla bir ünvandır: “ İstərdik ki, gələcəkdə Alman-Azərbaycan xarici ticarət palatasının nümayəndələri Şəmkirə də səfər etsinlər.”


 

Keçidlər