Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə yeni subartezian quyusu istifadəyə verildi

08 iyun 2017 | 16:00

Şəmkir rayonunda əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür, hər il yeni subartezian quyuları istifadəyə verilir.

İyunun 8-də rayonunun Yeni Həyat kəndində, ümumilikdə 30 hektar əkin sahəsinin suvarılması üçün nəzərdə tutulan yeni subartezian quyusu istifadəyə verilib.

Subartezan quyusunun açılışı münasibəti ilə keçirilən tədbirdə Şəmkir Rayon İcra Hakmiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Aslanov, rayon İcra Hakimiyyətinin əməkdaşları, aidiyyəti qurumların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edən Meliorasiya və Su Təsərrüfatı ASC-nın sədr müavini Rafiq Aslanov Şəmkir rayonunda görülən işlərin heyrətamiz olduğunu bildirib: “Şəmkir son dövrlərdə sözün həqiqi mənasında gözəlliyi ilə qonaqları heyran edir. Çox sevindirici haldır ki, Bakıdan kənara çıxanda belə gözəl şəhərlərimizi görmək olur. Şəmkirin gözəlliyinə baxanda insan həqiqətən də fərəh hissi keçirir. Buna görə rayon rəhbərliyinə xüsusi təşəkkürümü bildirirəm.”
R.Aslanov qeyd edib ki, son illərdə torpaqlardan istifadənin səmərəliliyinin artırılması, əkinə yararlı torpaq sahələrinin genişləndirilməsi və suvarma suyu ilə təminatının yaxşılaşdırılması sahəsində irimiqyaslı layihələr həyata keçirilməkdədir: “Taxtakörpü və Şəmkirçay su anbarlarının istismara verilməsi nəticəsində ilkin mərhələdə 10 min hektar əkin sahəsi suvarma suyu ilə təmin edilmiş, 198 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və 42 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsi istiqamətində işlər davam etdirilir.”

Rafiq Aslanov qeyd edib ki, 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış 1 milyon 350 min manat vəsait hesabına əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 900 subartezian quyusu qazılıb istifadəyə verilib.

Ümumilikdə Prezdent İlham Əliyev tərəfindən subartezian quyularının qazılması və istifadəyə verilməsi üçün 18 milyon manat vəsait ayrılıb ki, bu da ölkə rəhbərliyinin kənd təsərrüfatına nə qədər önəm və dəstək verməsindən xəbər verir”

Meliorasiya və Su Təsərrüfatı ASC-nın sədr müavini kənd təsərrüfatı sahəsində Şəmkirdə görülən işlərin də önəmindən danışıb: “Şəmkir rayonu da kənd təsərrüfatı sahəsində ölkədə xüsusi payı olan regionlarımızdandır. Bunu son dövürlərdə Ceyrançöldə görülən işlər sübut edir. Şəmkir artıq təkcə ölkə daxilinə deyil, xaricə də kənd təsərrüfatı məhsulları ixrac edir.”

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov son illər respublikada, o cümlədən Şəmkir rayonunda gedən sosial-iqtisadi inkişafdan, əhalinin sosial problemlərinin həlli, o cümlədən suvarma və içməli suya olan tələbatlarının ödənilməsi sahəsində görülən işlərdən danışıb. Bildirib ki, Şəmkir rayonunda hazırda 774 artezian və subartezian quyusu fəaliyyət göstərir. 2016/2017-ci illərdə rayonda 15 subartezan quyusu istifadəyə verilmişdir. Növbəti mərhələlərdə də əhalinin suya olan təlabatının ödənilməsi üçün yeni quyuların qazılması nəzərdə tutulur.


Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Prezident İlham Əliyevin əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair sərəncamları sayəsində ölkənin hər bir regionunda, eyni zamnda Şəmkirdə bu sahədə böyük işlər görülüb.

Daha sonra çıxış edən fermerlər və kənd sakinləri də onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər