Şriftin ölçüsü :

Saytın rəngi :

"ASAN qatar" Şəmkirdə

14 aprel 2017 | 16:00

Səyyar “ASAN qatar” ilk dəfə olaraq 14 aprel tarixindən etibarən Şəmkirdə 15 gün müddətində vətəndaşlara xidmət göstərəcək.
“ASAN qatar”ları ölkəmizdə geniş dəmiryolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərməyi nəzərdə tutur. Belə ki, “ASAN qatar” növbəli qaydada ölkədə bütün istiqamətlərdə hərəkət edərək əvvəlcədən təyin olunan yerdə dayanacaq və əhaliyə xidmət göstərəcək. Xidmətlər 4 dövlət orqanı - Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunur.
Bu gün Şəmkir rayon Dəllər stansiyasında “ASAN Qatar” şəmkirlilər tərəfindən bayram tədbiri ilə qarşılanıb.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, idarə və təşkilat rəhbərləri, Dəllər qəsəbə və ətraf kəndlərin sakinləri iştirak ediblər.
Qüdrət Əliyev çıxış edərək, bu xidmət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlarımıza olan yüksək diqqət və qayğısının bariz nümunələrindən biridir. “Asan xidmət” layihəsini tək ölkəmiz yox, bütün dünya rəğbətlə qarşıladı. Ən inkişaf etmiş ölkələr belə bu təcrübədən istifadə etməyə başlamışlar.
Öz növbəsində sakinlər onlara göstərilən yüksək xidmətdən böyük məmnunluqlarını və bu cür şəraitin yaradılması üçün ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər.
Tədbir yerli incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı ilə davam etdirilib.
Saat 10:00-dan etibarən “ASAN Qatar” sakinlərin xidmətinə başlayıb.
Xatırladaq ki, “ASAN qatar” 15 gün Şəmkir və ətraf rayonların sakinlərinə xidmət göstərəcək.
Qeyd edək ki, səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir. Səyyar “ASAN qatar” da göstərilən xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Həmçinin daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi də göstərilən xidmətlər arasındadır.

Keçidlər