Türk nümayəndə heyəti Şəmkirdə
Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin rəhbəri Adəm Urfanın başçılıq etdiyi nümayəndə heyəti Şəmkirdə olub.
Görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev iştirak ediblər.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonaqları salamlayıb, onları Azərbaycanın ən gözəl, müasir və qədimliyi ilə diqqət çəkən şəhərlərindən olan Şəmkirdə görməkdən məmnun olduğunu bildirib.
Görüş zamanı icra başçısı qonaqlara Şəmkirin qədim tarixi, zəngin mədəniyyəti, təbiyyəti, kənd təsərrüfatı, sənaye potensialı və bu istiqamətdə həyata keçirilən çoxşaxəli layihələrdən söhbət açıb.
Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin rəhbəri Adəm Urfa Agentliyin Azərbaycanda iqtisadi, sosial və mədəni sahələrdə həyata keçirdiyi layihələrdən danışıb, Türkiyə Respublikası Baş Nazirliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin fəaliyyəti haqqında məlumat verib. Səmimi söhbət şəraitində keçən görüşdə qonaq Adəm Urfa Şəmkirin gözəlliyinə heyran olduğunu gizlətməyib. Adəm Urfa daha öncə də Şəmkirdə olduğunu, rayonun bir neçə ildə bu qədər gözəlləşdiyinin inanılmaz olduğunu vurğulayıb. Türkiyəli qonaq son dövürlərdə Şəmkirdə görülən tikinti və abadlıq işlərininin bu sahədə həqiqətən də bir inqilab olduğunu bildirib.
Eyni zamanda görüşdə Şəmkirdə həyata keçirilə biləcək layihələr haqqında danışılıb. Təhsil, səhiyyə, məşğulluq, eləcə də sosial müdafiə sisteminin ayrı-ayrı sahələrində əməkdaşlığa başlanılmasının mümkünlüyü diqqətə çatdırılıb. Layihələrin icrasına dair təkliflər nəzərdən keçirilib. Görüşdə gənclərin inkişafı, fəallığının genişləndirilməsi, peşəyönümlü təhsillə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.