Şriftin ölçüsü :

Saytın rəngi :

Yas mərasimləri təmtəraqdan uzaq olmalıdır.

16 mart 2017 | 16:00

Şəmkir rayonunda milli-mənəvi dəyərlərimizdən olan yas mərasimlərinin keçirilməsinin vəziyyəti müzakirə edilib.
Yas mərasimlərinin təmtəraqdan uzaq keçirilməsi ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyətinə edilən 10000-dən çox vətəndaşın müraciəti nəzərə alınaraq geniş tərkibdə Şura iclası keçirilib. İclasda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, Rayon Ağsaqallar Şurasının üzvləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək bildirib ki, insanlar mərhumların yas mərasimləri üçün böyük məbləğdə pul xərcləyir, bahalı qəbir daşları düzəldir və müxtəlif çeşidli təamlardan ibarət ehsan verir. Bu da nəticə etibarı ilə bir çox ailələrin sıxıntı və maddi çətinliklə üzləşməsinə səbəb olur. Odur ki, ehsan süfrələri sadə və hamının gücü çatan tərzdə olmalıdır. Rayon ağsaqqalları və din xadimləri sadə yas məclislərinin keçirilməsi təklifini razılıqla qarşıladıqlarını bildirərək, bu cür məclislərin kasıb və varlılar üçün eyni səviyyədə keçirilməsini, süfrələrdə çörək, halva, çay, qənd, xurma, göy və pendir olması ilə kifayətlənməyi məsləhət görüblər. Çıxışlarda yas mərasimlərində israfçılığın qarşısının alınması, təmtəraqlı ehsan süfrələrinin sadələşdirilməsi məqsədilə əhali arasında maarifləndirmə və izahat işlərinin aparılmasının vacibliyi vurğulanıb.

Keçidlər