Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbir keçirilib

01 mart 2017 | 16:00

Şəmkir şəhəri Əhməd Cavad adına tam orta məktəbində 01 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar olaraq tədbir keçirilmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsi olub.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatının, Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin,Polis şöbəsinin və rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.
Tədbirdə ilk olaraq Mülki Müdafiə Gününün yaranma tarixi, məqsəd və vəzifələri barədə dolğun məlumat verilərək, Azərbaycan Respublikasının 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatına qoşulduğu və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak etdiyi bildirilmişdir.
Tədbir zamanı praktiki "Həyəcan!" siqnalı verilmiş və məktəbin şagird kontingenti 4 dəqiqə ərzində məktəbdən təxliyə olunmuşdur. Təxliyə olunan anda şərti xilasetmə əməliyyatına başlanılmışdır. Xilasedicilər 1-ci mərtəbədə köməksiz vəziyyətdə qalmış şagirdləri xilas edərək Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil vermişdir.
Daha sonra Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən yanğının söndürülməsi zamanı istifadə olunan müasir yanğınsöndürmə texnikası və üsulları, axtarış və qəza-xilasetmə əməliyyatları zamanı istifadə olunan müvafiq texnika və avadanlıqlar haqqında məlumat verilmiş və onların istifadə qaydaları praktiki olaraq nümayiş olunmuşdur. Şəmkir Rayon Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən isə ilkin tibbi yardımın göstərilməsi qaydaları, müvafiq tibbi yardım avadanlığı və vasitələri əyani olaraq tədbir iştirakçılarına nümayiş olunmuşdur.

Keçidlər