Şriftin ölçüsü :

Saytın rəngi :

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Şəmkirdə təhsil işçiləri ilə görüş keçirildi.

06 oktyabr 2026 | 12:37
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və fərqlənən müəllimlər iştirak etdilər.
Rəşad Tağıyev əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzuladı. İcra başçısı çıxışında Ulu Öndər Heydər Əliyevin müəllim peşəsinə hər zaman yüksək dəyər verdiyini, müəllim əməyini cəmiyyətin inkişafı və gələcək nəslin formalaşması baxımından mühüm amil kimi qiymətləndirdiyini diqqətə çatdırdı.
İcra başçısı bildirdi ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və dövlətçiliyin bütün sahələrini əhatə edən inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün tələblərinə uyğun olaraq ardıcıl şəkildə davam etdirilmişdir. Bu siyasətin mühüm istiqamətlərindən birini də təhsilin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi, müasir təhsil infrastrukturunun yaradılması təşkil etmişdir.
Rəşad Tağıyev qeyd etdi ki, ölkənin davamlı inkişafında təhsilin strateji əhəmiyyəti nəzərə alınaraq bu sahəyə göstərilən dövlət diqqəti ildən-ilə daha da güclənmiş, təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə cavab verən kadr potensialının formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Rəşad Tağıyev vurğuladı ki, müəllim yalnız bilik verən deyil, eyni zamanda gənc nəslin dünyagörüşünün, vətəndaşlıq mövqeyinin və milli-mənəvi dəyərlərə bağlılığının formalaşmasında mühüm rol oynayan şəxsdir. Bu baxımdan müəllimlərin üzərinə düşən məsuliyyət cəmiyyətin gələcəyi ilə bilavasitə bağlı olmuşdur. İcra başçısı müəllimlərin öz peşələrinə məsuliyyətlə yanaşmasının, tədris prosesində müasir yanaşmalardan istifadə etməsinin və şagirdlərin fərdi potensialının üzə çıxarılmasına xüsusi diqqət yetirməsinin vacibliyini qeyd etdi.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov çıxışında təhsilin keyfiyyətinin yüksəldilməsində müəllim amilinin xüsusi əhəmiyyət daşıdığını vurğuladı. O bildirdi ki, təhsilalanların savadlı, səriştəli və müasir çağırışlara cavab verən şəxs kimi formalaşmasında müəllimin peşəkarlığı, pedaqoji təcrübəsi və tədris prosesinə yanaşması mühüm rol oynayır. Bu baxımdan müəllimlərin davamlı peşəkar inkişafının təmin edilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və tədris metodlarının müasir tələblərə uyğunlaşdırılması təhsil siyasətinin mühüm istiqamətlərindən biri olmuşdur.
Vüqar Dadaşov qeyd etdi ki, son illərdə müəllim nüfuzunun artırılması, peşəyə marağın gücləndirilməsi və yüksək hazırlıqlı kadrların təhsil sisteminə cəlb olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. O, təhsilalanların əldə etdikləri nəticələrin müəllimlərin gündəlik əməyinin, peşəkarlığının və pedaqoji məsuliyyətinin mühüm göstəricilərindən biri olduğunu bildirdi və fərqlənən müəllimləri təbrik etdi.
YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev və digər natiqlər də çıxışlarında müəllim əməyinin gənc nəslin mənəvi-intellektual inkişafındakı rolundan bəhs etdilər.
Tədbirdə çıxış edən təhsil işçiləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər, müəllim peşəsinin cəmiyyətdəki yüksək nüfuzundan danışaraq təhsilin inkişafına öz töhfələrini bundan sonra da məsuliyyətlə davam etdirəcəklərini qeyd etdilər.
Sonda təhsil sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə rayonun bir qrup qabaqcıl təhsil işçisi Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə mükafatlandırıldı və xatirə şəkli çəkdirildi.
Keçidlər