Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

15 fevral 2017 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin yekunları, 2017-ci ildə qarşıda duran vəzifələrinə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Tədbir Prezidenti Administrasiyasının məsul əməkdaşı Əlibaba Əliyev, millət vəkilləri Sahibə Qafarova, Kamran Bayramov, RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilmişdir.
Yığıncaqda rayonda ötən il ərzində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl və ölkə maraqlarını əsas götürən siyasətin nəticəsi kimi ölkəmizin son illərdə inkişafından danışmışdır.
Alimpaşa Məmmədov ümumilikdə ölkədə bütün sahələr üzrə müsbət artımın məntiqi nəticəsi kimi Şəmkir rayonunun sosial-iqtisadi həyatında da 2016-cı il ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu bildirmişdir. Prezident İlham Əliyevin məmur-vətəndaş münasibətlərinin normal tənzimlənməsi, bu məsələyə xüsusi diqqətin ayrılması ilə əlaqədar tapşırıqlarından irəli gələn vəzifə kimi Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müntəzəm olaraq vətəndaşlarla birbaşa görüşləri olmuş, o cümlədən yerlərdə səyyar qəbulları təşkil edilmiş, vətəndaşların müraciətləri, irad və təklifləri diqqətlə öyrənilərək onların icrası baxımından "Tədbirlər Planı" təsdiq olunmuş və aidiyyəti qurumlara göndərilərək tədbirlərin icrası nəzarətdə saxlanılması məruzədə xüsusi vurğulanmışdır.
Hesabat dövründə milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olduğu məruzədə qeyd edilmişdir.
Hesabat yığıncağında Prezident Administrasiyasının məsul əməkdaşı Əlibaba Əliyev, millət vəkilləri Sahibə Qafarova və Kamran Bayramov da çıxış etmişlər.
Sonda Prezident İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciətin oxunmuşdur.
Hesabat yığıncağına Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov yekun vurmuşdur.

Keçidlər