Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat naziri Şəmkirdə vətəndaşları qəbul edib

23 sentyabr 2016 | 16:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə hərtərəfli şəkildə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqları İqtisadiyyat Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, mütəmadi olaraq müxtəlif bölgələrdə vətəndaşların qəbulu davam etdirilir, onların müraciətləri dinlənilir.
Sentyabrın 23-də İqtisadiyyat naziri Şahin Mustafayev Şəmkirdə Tovuz, Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edib.
Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra məsələlər yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib.
İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara ətraflı izahat verilib, icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, istehlakçı hüquqlarının qorunması, region üçün ənənəvi istehsal və emal müəssisələrinin yaradılması, ixraca dəstək, kənd yollarının tikintisi, yun istehsalı və satışının dəstəklənməsi, sahibkarlıq subyekti tərəfindən beynəlxalq maliyyə institutundan alınmış kreditin restruktizasiyasına köməklik göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların heyvandarlıq, quşçuluq, taxılçılıq, tərəvəzçilik, istixana təsərrüfatının yaradılması, tikinti materiallarının istehsalı və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Sahibkarlar özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən sistemli islahatlardan razılıqlarını ifadə ediblər.
Qəbul günü digər rayonlardan olan vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, onların müraciətlərinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Qəbula gələn vətəndaşlar göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.

Keçidlər