Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban Bayramı Şəmkirdə qeyd olundu

13 sentyabr 2016 | 16:00

Xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-amanlığa və dözümlülüyə dəvət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi və beynəlxalq sahədə mühüm nailiyyətlər əldə edən müstəqil respublikamızda hər il dövlət səviyyəsində qeyd olunan Qurban bayramı xalqımızın öz tarixi kökünə və milli dəyərlərinə sıx bağlılığını nümayiş etdirir, eyni zamanda cəmiyyətimizdə mənəvi həmrəyliyi, tolerant və multikultural ənənələri daha da gücləndirir. Cəmiyyətimizdə humanizm duyğularını daha da gücləndirən Qurban bayramı mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və böyük təntənə ilə keçirilir. Bu ənənəyə sadiq olaraq Şəmkir Rayonu İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə, Böyük Vətən Müharibəsi veteranlarına, Qarabağ müharibəsi əlillərinə, aztəminatlı ailələrə, tənha və imkansızlara, ümumilikdə 1200-dən çox ailəyə Qurban payları verilmişdir. Müqəddəs Qurban Bayramı münasibətilə sakinləri təbrik edən Şəmkir Rayonu İcra Hakimiyyəti rəhbərliyi Qurban Bayramının tarixindən, Azərbaycanda bu bayramın təntənəli şəkildə qeyd olunmasından danışıblar. İslamın bir din kimi tamamlanmasını və hidayət yolu olaraq bəşəriyyətə göndərilməsini özündə ehtiva edən Qurban mərasimləri müsəlmanlara xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmanın və Uca Yaradana yaxınlığın fərəhini yaşatmaqla, insanları qardaşlıq yoluna dəvət edir. Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində Qurban Bayramının xüsusi yeri var. Xalqımız yüz illərdir ki, Allah və din yolunda mənəvi borcunu böyük təntənə ilə yerinə yetirir. Rayon sakinləri çıxış edərək dövlətimizin milli mənəvi dəyərlərimizə sadiqliyini yüksək qiymətləndiriblər, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər