Şəmkirdə ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilmişdir.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov bu il respublikamızın universitetlərinə qəbul olmuş tələbələrlə görüş keçirmişdir. Görüşdə rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, rayon Təhsil Şöbəsinin nümayəndələri, tələbə adını qazanmış gənclər və onların valideynləri iştirak etmişlər.
Görüşdə qəbul imtahanlarının nəticələri barədə məlumat verilmişdir. Bildirilmişdir ki, bu il Şəmkir rayonunun ümumtəhsil məktəblərini bitirən məzunlardan 1537 nəfəri Tələbə Qəbulu üzə Dövlət Komissiyasına (TQDK) sənəd vermişdir. Onlardan 506 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Qəbul imtahanlarında abituriyentlərdən 1 nəfər 700 bal, 34 nəfəri 600-dən yuxarı, 68 nəfəri 500-dən yuxarı bal toplamışdır. Həmçinin Şəmkir rayonu üzrə 4 məzun qızıl medala layiq görülmüşdür. Şəmkir rayonunun ümumtəhsil məktəbləri arasında ən yüksək nəticəni isə C.Rüstəmov adına şəhər tam orta məktəbinin kollektivi qazanmışdır. Məktəbin bu ilki məzunlarından 39 nəfəri ali məktəblərə qəbul olunmuşdur.
Rayon İcra hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovçıxış edərək gəncləri tələbə adını qazanmaqları münasibətilə təbrik etmişdir. O çıxışında bildirmişdir ki, ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi böyük diqqət və qayğı bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu qayğının nəticəsi olaraq son illərdə respublikanın bütün bölgələrində olduğu kimi Şəmkir rayonunda da onlarla yeni məktəb binası tikilmiş və əsaslı təmir edilmişdir.
Çıxışlarda ölkəmizdə gənclərin yüksək səviyyədə təhsil almasına yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə olunmuşdur. Gənclər dövlətin diqqət və qayğısına mükəmməl təhsilləri və yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərini bildirmişlər.
Sonda yüksək bal toplamış tələbələrə rayon icra hakimiyyəti başçısının hədiyyələri təqdim edilmişdir.