Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin zona üzrə səyyar iclası keçirilib

24 iyun 2016 | 16:00

İyunun 24-də Şəmkir rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin zona üzrə səyyar iclası keçirilib.
Tədbirdən əvvəl iştirakçılar Şəmkir şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər çiçək dəstələri düzüblər.
İclasda çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Məleykə Əlizadə bildirib ki, ölkədə bütün sahələrlə yanaşı, mədəniyyət sahəsi də inkişaf mərhələsini yaşayır. Respublikanın hər bir guşəsində yeni-yeni mədəniyyət obyektləri inşa olunur, xalqın istifadəsinə verilir. Şəmkir şəhərində son illər Heydər Əliyev Mərkəzinin, Bayraq və Gənclər meydanlarının və digər müasir mədəniyyət ocaqlarının istifadəyə verilməsi bunun bariz nümunəsidir.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova çıxış edərək, Ulu Öndərin mədəniyyət sahəsində həyata keçirdiyi uğurlu siyasətin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini vurğulayıb. Qeyd edib ki, respublikada mədəniyyət sahəsində daim islahatlar aparılır, mədəniyyət işçilərinin maddi-rifah halının yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər görülür, tarixi abidələrimizin qorunması və bərpası üçün lazımi addımlar atılır. Bildirilib ki, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində 64 şəhər, rayon komitəsi, 752 ilk təşkilat fəaliyyət göstərir.
Tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin yaranmasının 110 illiyi ilə bağlı video-çarx nümayiş etdirilib.
Sonra İttifaqın Gəncə-Qazax regionunun rayon komitələri tərəfindən üzvlərin müdafiəsi üzrə keçirilən yoxlamaların nəticələri müzakirə olunub.
Müzakirələr zamanı İttifaqın aparat rəhbəri, Əməkdar Mədəniyyət İşçisi Mirzə Əlibəyovun arayışı dinlənilib. Arayışla bağlı suallar cavablandırılıb, təkliflər qeydiyyata götürülüb.
Sonda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Zaqatala rayon komitəsinin sədri Sona Qazıyevaya Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təltif edildiyi “Döş nişanı”, Şəmkir rayonunda mədəniyyət sahəsindəki fəaliyyətlərinə görə fərqlənən bir qrup işçiyə isə İttifaqın fəxri fərmanları təqdim olunub.

Keçidlər