Müşavirə
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərinin, həmçinin aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupun üzvləri iyunun 22-də Şəmkirdə olmuşlar.
İşçi qrupu Şəmkir bələdiyyəsinin nəzdində yaradılmış “Ceyrançöl” MMC təsərrüfatında, “Şəmkir Agropark” kompleksində, Çinarlı qəsəbə bələdiyyəsinin nəzdində yaradılmış “Şəmkir səbəti” adlı yaşıl market kompleksində, rayonun istilikxana komleksində olmuş, mütəxəssislərlə, sahibkarlarla fikir mübadiləsi aparıb, onların qayğı və problemləri ilə maraqlanmışlar.
Daha sonra Şəmkir Heydər Əliyev Mərkəzində fermerlərin, sahibkarların, təcrübəli təsərrüfatçıların, mütəxəssislərin iştirakı ilə müşavirə keçirilmişdir.
Müşavirəni açan rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkirdə aqrar sektordakı mövcud vəziyyət barədə geniş məlumat vermişdir.
Müşavirədə işçi qrupun rəhbəri, Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin aqrar və sənaye məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov çıxış edərək, dövlətimizin başçısının qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatının gəlirli sahələrinin inkişafı sahəsində qarşıya qoyduğu vəzifələrdən, verdiyi konkret tapşırıqlardan danışıb, ötən əsrin 90-cı illərinin ortalarında ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi aqrar islahatların bu gün öz bəhrəsini verdiyini diqqətə çatdıran Azər Əmiraslanov kənd təsərrüfatının yeni inkişaf mərhələsində olduğunu vurğulamışdır.
Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.