Şriftin ölçüsü :

Saytın rəngi :

Avropa İttifaqı Şəmkirdə

10 iyun 2016 | 16:00

İyunun 10-da Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı, Şəmkir rayon və Gəncə şəhər İcra Hakimiyyətlərinin dəstəyi ilə Aİ-nin avtobus turuna start verilib. Avtobus Azərbaycan bölgələrinə səfər edərək, Avropa İttifaqı və onun ölkədəki fəaliyyəti haqda məlumat yayacaq. Hər dayanacaqda xüsusi proqram nəzərdə tutulub.
Tur çərçivəsində avtobusun ilk dayanacağı Şəmkir olub. Rayonda 9 komandanın iştirakı ilə “Breyn rinq” yarışı keçirilib. İştirakçılar Aİ ilə əlaqəli suallara cavab vermək uğrunda yarışıblar. Bundan əlavə, Şəmkir, Gəncə və qonşu rayonların sakinləri üçün 7-25 arası 3 ayrı yaş kateqoriyasında “Avropaya baxış” və “Avropa nağıllarının qəhrəmanları” mövzusunda rəsm müsabiqəsi də təşkil edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Aİ-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Malena Mard, Avstriya, Almaniya, Macarıstan və Ruminiya səfirliklərinin nümayəndələri yarış və müsabiqəni izləyiblər.
“Breyn rinq” yarışında I yerə “Gənc Liderlər”, II yerə “Vizards”, III yerə isə “Lider” komandası sahib olub. Rəsm müsabiqəsində isə şüşə üzərində vitraj rəsmi üzrə Nərmin İsgəndərova, kətan üzərində yağlı boya rəsmi üzrə Gültac Quliyeva, yumurta üzərində sulu boya rəsmi üzrə Elburus Bayramov birinci yerə layiq görülüblər.
Avtobus turunun Şəmkir səfəri alman kilsəsində orqan və vokal musiqi konserti ilə davam edib. Konsertdə görkəmli opera ifaçısı Fəridə Məmmədova (soprano) və beynəlxalq müsabiqələrin qalibi Nigar Məmmədova çıxış ediblər.
Səfir Malena Mard bildirib ki, Aİ-Azərbaycan əlaqələrinin 25 illik yubileyi ilə üst-üstə düşən avtobus turu Avropa təcrübəsini ölkə ictimaiyyəti ilə bölüşmək məqsədi daşıyır: “Bu yolla biz Avropa İttifaqı və üzv dövlətlər barədə Azərbaycanda məlumatlılığı artırmağa və zəngin mədəniyyətimizi daha yaxşı göstərməyə ümid edirik. Hər kəsi Aİ avtobusunun marşrutunu izləməyə və bütün Gəncə və qonşu bölgələrin sakinlərini iyunun 11-də Gəncədə keçiriləcək Avropa Şəhərciyinə dəvət edirəm. Avropa Şəhərciyinin bilik və əyləncə ilə yadda qalacaq xoş gün olacağından əminəm”.

Keçidlər