Ombudsmanın iştirakı ilə ictimai dinləmə keçirilib
07 iyun 2016-cı il tarixində Şəmkirdə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində fəaliyyət proqramının icrası vəziyyətinə həsr olunan ictimai dinləmə keçirilmişdir.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov, millət vəkili Sona Əliyeva, İcra Hakimiyyəti aparatının məsul işçiləri, hüquq - mühafizə orqanları, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və rayon ictimaiyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Milli Fəaliyyət Proqramı və onunla əlaqədar keçirilən ictimai dinləmələrin hüquqi maarifləndirmədə, insanların öz hüquq və vəzifələrini dərk etməsində, sosial mühitin saflaşdırılmasında, qüvvələrin vəhdət halında bölgələrin və ölkənin inkişafına yönəldilməsində əhəmiyyətli rol oynadığını bildirmiş, insan hüquq və azadlığının qorunması sahəsində dövlətimizin, Ombudsman təsisatının həyata keçirdiyi tədbirlərin sosial mühitin saflaşdırılmasında əvəzsiz rolunu vurğulamışdır.
İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu vurğulayaraq, respublikamızın dünya miqyasında artıq multikulturalizm və tolerantlıq modeli kimi qəbul edildiyini bildirib. Ombudsman Elmira Süleymanova Milli Fəaliyyət Proqramının bütün istiqamətləri üzrə respublikada görülən işlərdən, dövlət təşkilatlarının, hüquq - mühafizə, ədliyyə orqanlarının, QHT-lərin, təhsil, səhiyyə, mədəniyyət və icra sisteminin fəaliyyətindən ətraflı danışmışdır.
Millət vəkili Sona Əliyeva çıxış edərək ölkəmizdə insan hüquq və azadlıqları istiqamətində aparılan uğurlu dövlət siyasətindən danışmış, sosial, ictimai və mədəni tədbirlərdən söz açmışdır. Millət vəkili cənab prezident İlham Əliyevin təklifi ilə Milli Məclisdə yeni qanun layihəsinin müzakirəyə çıxarıldığını bildirmişdir. Bu qanun layihəsinin vətəndaş hüquqlarının qorunmasına böyük töhvə olacağını bildirmişdir.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilmiş, iştirakçılarla birgə müzakirələr keçirilmişdir.