Şəhid zabitin və əsgərlərin orden və medalları ailələrinə təqdim olundu
13 may 2016-cı il tarixində Şəmkir Heydər Əliyev Mərkəzində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş zabit və əsgərlərin ölümlərindən sonra təltif olunduqları orden və medallar onların ailə üzvlərinə təqdim edilib.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani və başqaları çıxış edərək işğalcı Ermənistan ordusu tərəfindən Azərbaycanın “Dağlıq Qarabağ” və ətraf rayonlarında atəşkəs daima pozulduğunu, Azərbaycan ordusunun mövqeylərinin və sərhədyanı kəndlərin atəşə məruz qaldığını qeyd ediblər. Bildirilib ki, aprel ayının 2-dən 5-dək məhfur qonşularımız tərəfindən təmas xəttində növbəti təxribatlar törədilib.Təxribat törədən düşmən layiqli cəzasın alıb. Azərbaycan Ordusu tərəfindən düşmənin bir sıra atəş nöqtələri sıradan çıxarılıb. Bir sıra yüksəkliklər ordumuz tərəfindən azad edilib.
Tədbirdə bir daha vurğulanıb ki, Azərbaycan xalqı Milli Ordumuza güvənir, xalqla ordu daima birlikdədir və Prezident İlham Əliyevin apardığı düzgün siyasət və qudrətli ordumuz tərəfindən tezliklə işğal altında olan torpaqlarımız azad olacaq, Azərbaycanın dövlət bayrağı Xankəndində, Şuşada və digər işğal edilmiş ərazilərimizdə dalğalanacaq.
Sonra aprelin 2-dən 5-dək təmas xəttində ermənilərin təxribatının qarşısın alərkən şəhid olmuş polkovnik Yüsifov Vüqar Nurəddin oğlunun ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif olunduğu 3-cü dərəcəli “Vətənə xidmətinə görə” ordeni, çavuş Əsgərov Təbriz Hamlet oğlunun, əsgər Əliyev Vüsal İlham oğlunun, əsgər Qasımov Nurlan Cəmil oğlunun və əsgər Dəmirli Altun Fərman oğlunun ölümündən sonra Azərbaycan Respublikası Prezidenti adından Müdafiə Naziri Zakir Həsənov tərəfindən təltif olunduqları 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalları onların ailə üzvlərinə təqdim olunub.
Şəhid zabitin və əsgərlərin valideyinləri övladlarının göstərdiyi qəhramanlıqdan qürur duyduqlarını bildiriblər. Qeyd ediblər ki, torpaqlarımızın düşmən tapdağından azad olunması üçün lazım gəlsə belə yağı düşmənlə döyüşməyə hazırdırlar.