Şriftin ölçüsü :

Saytın rəngi :

2013-cü ilin Sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında Rayon İcra Hakimiyyətinin Başçısı cənab N.V.Veysovun hesabat MƏRUZƏSİ:

07 fevral 2014 | 16:00

Şəmkir  rayonunda 2013-cü  ilin  Sosial-iqtisadi

 inkişafının yekunları və qarşıda duran vəzifələr

 haqqında Rayon İcra Hakimiyyətinin Başçısı

cənab N.V.Veysovun hesabat

MƏRUZƏSİ:

Hörmətli qonaqlar!

Hörmətli yığıncaq iştirakçıları!

Respublikamız Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursa uyğun olaraq dinamik inkişaf edir.

Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında  Azərbaycan iqtisadiyyatı 2013-cü ildə öz inkişaf tempini qoruya bilmişdir.

2013-cü il Azərbaycan Respublikasının tarixində mühüm ictimai- siyasi hadisə ilə də yadda qalmışdır.

Uzaqgörən və müdrik Azərbaycan xalqı 2013-cü ilin 9 oktyabrında çox doğru və düzgün seçim edərək Azərbaycanda Prezident seçkiləri günündə Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursu dəstəklədiklərini nümayiş etdirərək cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinə səs vermişlər.

Dünyanın əksər mötəbər təşkilatları ölkəmizdə keçirilən Prezident seçkilərinə yüksək qiymət vermişlər.

Seçkilərin azad,ədalətli və şəffaf keçirilməsi haqqında öz müsbət rəylərini bildirmişlər.  

Respublikamızda 2013-cü ildə görülmüş işlər və qarşıda duran vəzifələr Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sədrliyi ilə 2014-cü il yanvarın 9-da Nazirlər Kabinetinin iclasında ətraflı təhlil edilmişdir.

Ölkə iqtisadiyyatının bütün göstəriciləri müsbət olmuşdur. Ümumi daxili məhsul istehsalı 6 faiz artmış, qeyri-neft  sektorunda 9.8 faiz, kənd təsərrüfatı məhsulları  istehsalında 5 faiz artım əldə olunmuşdur.

Makro iqtisadi sabitliyin qorunub saxlanılması nəticəsində inflyasiya 2.4 faiz təşkil etmiş, əhalinin pul gəlirləri 8 faiz artmışdır.

Ölkə iqtisadiyyatına 28 milyard dollardan çox investisiya qoyulmuşdur. Bunun 17.5 milyard dolları daxili, 10.5 milyard dolları isə xarici investisiyalar olmuşdur. Respublikamızın valyuta ehtiyatları 50 milyard dollara çatmışdır.

Ölkə üzrə orta aylıq əmək haqqı  423  manat təşkil etmişdir.  

2013-ci ildə 110 min yeni iş yeri açılmışdır ki, onun da 80 mini daimi iş yeridir.

Ölkəmizdə işsizlik 5 faizə, yoxsulluğun səviyyəsi isə 5.3 faizə düşmüşdür. Azərbaycan Respublikasının 2014-cü il Dövlət büdcəsinin gəlirləri 18 milyard 384 milyon manat, xərcləri isə 20 milyard 63 milyon manat məbləğində təsdiq edilmişdir.

2013-cü ildə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artmışdır. Azərbaycanın  Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik şurasındakı iki illik fəaliyyəti uğurlu olmuşdur. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında beynəlxalq hüquq və ədalətə söykənən prinsipial mövqe nümayiş etdirmişdir.

Bakı şəhərində bir sıra beynəlxalq  əhəmiyyətli tədbirlər o cümlədən  üçüncü Beynəlxalq Humanitar Forumu, İkinci Mədəniyyətlərarası Dialoq Forumu ,Dünya İqtisadi Forumunun – Davos Forumunun toplantısı keçirilmişdir.

2013-cü il Azərbaycanda Kosmik Sənayenin yaranması ili olmuşdur. İlin əvvəlində birinci Azərbaycan Peyki –   “Azərspace -1”  kosmik fəzaya buraxılmışdır.”

       Ölkəmizdə “İnformasiya–komunikasiya texnologiyaları ili” uğurla yekunlaşmışdır.

Respublikamızda 2015-ci ildə Bakı şəhərində keçriləcək birinci Avropa Olimpiya oyunlarına hazırlıq işləri sürətlə davam etdirilir.

Azərbaycanın iqtisadi və siyasi cəhətdən sabit olması bu mötəbər idman yarışlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə imkan verəcəkdir.       

2014-cü il Respublikamızda “ Sənaye  ili” elan edilmişdir.

Qeyd etməliyəm ki, Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Respublikamızda həyata keçirilən ən böyük layihələrdən biri olan Şəmkirçay su anbarının tikintisinin əhəmiyyətini xüsusi vurğulamışdır. Cənab Prezident Şəmkirçay su anbarının 2014-cü ildə istifadəyə veriləcəyini, su anbarı ərazisində su elekrik stansiyasının qurulacağını və su anbarı vasitəsilə 75 min hektar torpaq sahəsinin suvarılacağını bildirməklə 3 dəfə Şəmkirçay su anbarının tikintisinin əhəmiyyətini  qeyd etmişdir.

Respublikamızda 2014-cü il uğurla başlanılmışdır.

Azərbaycan Respublikasının möhtərəm Prezidenti   cənab İlham Əliyevin qeyd etdiyi kimi 2014-cü ildə  Azərbaycan Respublikasının qarşısında daha məsul vəzifələr və xalqımızın xoş, uğurlu gələcəyi naminə yerinə yetirilməsi vacib olan işlər durur.

          Hörmətli yığıncaq iştirakçıları!

 Bildiyiniz  kimi, 2013-cü ilin sentyabr ayının 10-da Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Şəmkir rayonunda səfərdə olmuşdur. 

       Azərbaycan Respublikası Prezidenti  cənab İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət etmişdir.

        Cənab  Prezident İlham Əliyev Heydər Əliyev  Mərkəzinin və mərkəzin ətrafında yerləşən 14.5 hektarlıq parkın açlışında iştirak etmiş, Əyləncə mərkəzi ilə tanış olmuşdur.   

         Azərbaycan Respublikası Prezidenti  Şəmkir şəhərində inşa olunmuş Bayraq meydanının və ətrafda olan 4,5 hektarlıq parkın, Gənclər  Mərkəzinin , 80 yerlik Uşaq Akademiyasının, 80 yerlik mehmanxana binasının açılışını etmiş, Bakı Oksford məktəbinin Şəmkir filialı, onun 100 yerlik yataqxana binası və əsaslı təmir olunmuş Alman Lüteran kilsəsi ilə tanış olmuşdur. 

        Azərbaycan Respublikası Prezidenti  cənab İlham Əliyev Bulaq Komleksinin önündə  rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Görüşdə cənab Prezident  demişdir:

       “Şəmkir tamamilə yeni bir görkəm alır. Şəhər, doğrudan da, ölkəmizin ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Şəmkir ölkəmizdə ən sürətlə inkişaf edən rayonlardan biridir. Bu, məni çox sevindirir. Çünki hər dəfə yenilikləri, abadlıq-quruculuq işlərini görəndə mən də sizin qədər sevinirəm. Şəmkirdə bütün bu işlər böyük zövqlə və rayona olan böyük məhəbbətlə icra edilir”.

       Cənab Prezident “Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” ilə tanışlıqdan sonra Şəmkir şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

       Azərbaycan Respublikası Prezidenti  cənab İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Şəmkir şəhərində yeni və müasir tipli xəstəxana kompleksinin tikintisinə başlanılmasının vacibliyini vurğulamış, Şəmkir rayonunun inkişafının daima diqqət mərkəzində olacağını bildirmişdir.

       Cənab Prezident 19 sentyabr 2013-cü il tarixdə “Şəmkir rayonun sosial-iqtisadi inklişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalamışdır. Həmin sərəncama uyğun olaraq Şəmkir şəhərində aparılan abadlıq və quruculuq işlərini davam etdirmək məqsədilə Rayon  İcra Hakimiyyətinə 2 milyon manat vəsait ayrılmışdır.

     Azərbaycan Respublikası Prezidentinin digər sərəncamı ilə Şəmkir Rayon Mərkəzi xəstəxanasının tikintisi üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır.   

    Artıq Şəmkir rayon mərkəzi xəstəxanasının tikintisinə hazırlıq işlərinə başlanılmışdır. Bu məqsədlə Şəmkir rayon Icra Hakimiyyəti Başçısının sərəncamı ilə Şəmkir şəhərinin ərazisində 8.0 ha torpaq sahəsi ayrılmışdır.

    İcazə verin, Şəmkir rayonuna göstərdiyi diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bir daha şəmkirlilərin dərin ehtiramını və minnətdarlığını bildirim.

Hörmətli yığıncaq iştirakçıları!

Şəmkir rayonunda 2013-cü ildə bütün sahələrdə nailiyyətlər əldə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin, Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatında geniş tədbirlər planı hazırlanmış və nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində işlər aparılmışdır.

Rayon Icra Hakimiyyəti Başçısı yanında 33 müşavirə və iclas keçirilmiş,  Şuranın 25 iclasında 40 məsələ müzakirə edilmişdir.

2013-cü ildə rayon əhalisinin sayı 2832 nəfər artaraq 204 min 200 nəfərə çatmışdır. İl ərzində rayona 335 nəfər gəlmiş, 260 nəfər getmişdir.

Rayonda 1837 nigah, 172 boşanma halı qeyd olunmuş, 4069 nəfər doğulmuş, 1237 nəfər vəfat etmişdir.

Azərbaycan Respublikası regionlarının (2009-2013-cü illər) sosial-iqtisadi inkişafı Dövlət Proqramında Şəmkir rayonu üzrə nəzərdə tutulmuş 17 tədbirdən 15-nin icrası başa çatdırılmış, 2-nin icrası  ilə bağlı işlər davam etdirilir.

2013-cü ildə rayonda 565 milyon 658 min manatlıq, 2012-ci ilə nisbətən 1.3 faiz çox ümumi məhsul buraxılmış, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 2772  manat təşkil etmişdir.

Sənaye müəssisələrində 18 milyon 90 min manatlıq, kənd təsərrüfatında 252 milyon 249 min manatlıq, tikinti quraşdırma sahəsində 207 milyon 316 min manatlıq məhsul buraxılmışdır.

Pullu xidmətlərin həcmi 6.1 faiz artaraq 68 milyon 804 min  manat, əmtəə dövriyəsinin həcmi  10.3 faiz artaraq 250 milyon 233 manat olmuşdur.

Rayonda 608 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir. Əsas kapitala 239 milyon 797   min manat investisiya qoyulmuşdur.

Rayonda 5304 iş yeri açılmışdır ki, onun da 885 daimi iş yeri olmuşdur.

Son beş ildə  (2009-2013-cü illər) 16817 iş yeri, o cümlədən 3865 daimi iş yeri yaradılmışdır.

Rayonun maliyyə sistemində davamlı tədbirlər həyata keçirilmiş, 2013-cü il üçün yerli gəlir və xərclər 37 milyon 958 min 200 manat proqnozlaşdırılmışdır. Yerli gəlirlərin proqnoz tapşırığı 8 milyon 237 min 200 manat  və ya 102.1 faiz yerinə yetirilmişdir.

Azərbaycan Respublikasının Məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramına (2011-2015-ci illər) uyğun olaraq rayonda yaşayan işsiz əhalinin daimi və müvəqqəti işlə təmin olunmaları ilə bağlı bir sıra tədbirlər görülmüşdür.

İş axtaran vətəndaşlardan 225 nəfəri qeydiyyata götürülmüş, onlardan 124 nəfəri daimi işlə təmin olunmuş, 22 nəfəri haqqı ödənilən bir aylıq ictimai işlərə göndərilmişdir.

Dövlət  Sosial Müdafiə Fondunun  rayon şöbəsi tərəfindən 26 min 207 nəfər pensiyaçıya xidmət göstərilmiş, 738 nəfərə əmək pensiyası təyin olunmuşdur. İdarə tərəfindən 8 milyon 298.8 min manat məcburi dövlət sığorta haqqı toplanılmışdır.

       Rayon ərazisində bütün növ pensiya və müavinətlərin plastik kartlar vasitəsilə verilməsi təmin olunmuşdur.

“Ünvanlı Dövlət Sosial yardımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli fərmanına uyğun olaraq yoxsulluq həddindən aşağı səviyyədə yaşayan 3433 ailənin 15 min 870 nəfər üzvünə ünvanlı sosial yardım verilmişdir.

Dövlət Sığorta Kommersiya şirkətinin Şəmkir filialı tərəfindən 150 min manat plana qarşı 138 min 297 manat tədiyyə toplanılaraq tapşırığa 92.2 faiz əməl olunmuşdur.

Rayon üzrə 79 ümumtəhsil məktəbi (68 tam orta, 10 orta və 1 ibtidai), 53 məktəbəqədər, 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərmişdir.

Şəmkir rayonunun təhsil müəssisələrində 29 min 575 nəfər şagirdin təlim-tərbiyəsi ilə 3374 nəfər müəllim məşğul olmuşdur.

Azərbaycanın ümumtəhsil sistemində başlanılan və uğurla davam etdirilən islahatlar rayonun təhsil müəssisələrində təlim və tədris prosesinin inkişafına təkan vermişdir.

2012-2013-cü  tədris ilində rayonun ümumtəhsil məktəblərinin 9-cu sinifini bitirmiş 2879 nəfər şagird  şəhadətnamə, 11-ci sinifini bitirmiş 2497 nəfər şagird  orta təhsil haqqında atestat almışdır.

Şəmkir şəhəri Morul tam orta məktəbin XI sinif şagirdi Səfərli Fərhad Nofəl oğlu təlim göstəricilərinə görə qızıl medal almışdır.

Orta məktəb məzunlarından 1480 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermişlər. Ali məktəblərə qəbul olunmaq üçün sənəd verənlərin sayı əvvəlki ilə nisbətən 619 nəfər artmışdır.

Ali məktəblərə qəbul olan şəmkirli gənclərin sayı hər il ardıcıl olaraq artmaqda davam edir.2013-cü ildə 510 nəfər məzun bu şərəfli adı qazanmışdır.2005–ci ilə nisbətən ali məktəblərə qəbul olanların sayı 286 nəfər və ya 2 dəfədən cox artmışdır.

Məzunlardan 10 nəfəri 600 dən ,41 nəfəri 500 dən çox bal toplamışdır.

Təhsil sahəsində əldə olunmuş naliyyətlərdən biri də Düyərli kənd 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İlhamə İbrahimovanın Respublikanın “ ən yaxşı müəllimi “ müsabiqəsinin qalibi olmasıdır.

Qaralar kənd tam orta məktəbinin direktoru Qurbanova Flora Qəşəm qızı  Azərbaycan Respublikası Prezidentinin 03 oktyabr 2013-cü il tarixli sərəncamı ilə “Əməkdar Müəllim” fəxri adına layiq görülmüşdür.

Rayon Icra Hakimiyyəti tərəfindən rayonun ümumtəhsil məktəblərinə göndərilmiş gənc müəllimlərin sosial problemlərinin həllinə başlıca diqqət yetirilmişdir.

Rayonun məktəblərində  kompyuterlərin sayı 960 ədədə çatmışdır.

Təhsil sahəsində əldə olunmuş uğurlarla yanaşı rayonun bir sıra   ümumtəhsil məktəblərində tədrisin səviyyəsinin aşağı olması narahatlıq doğurur. Bunun nəticəsidir ki, 4 ümumtəhsil məktəbinin - Mehrili kənd tam orta, Dağ Cəyir kənd tam orta, Könüllü  kənd 2 nömrəli tam orta, Ceyrançöl kənd tam orta məktəblərin məzunlarından bir nəfər də olsun ali məktəblərə qəbul olmamışdır.

Rayon Icra Hakimiyyəti hesab edir ki, təhsil sahəsində olan problemlər rayon təhsil şöbəsi tərəfindən diqqətlə araşdırılacaq, pedaqoji kadrlara qarşı tələbkarlıq gücləndiriləcəkdir.

Rayonun səhiyyə sistemində 11 xəstəxana, 32 həkim məntəqəsi, 27 tibb məntəqəsi, 1 təcili təxirəsalınmaz tibbi yardım stansiyası, 1 stamotoloji poliklinika, Gigiyena və Epidemiologiya mərkəzi əhaliyə tibbi xidmət göstərir.

Səhiyyə müəssisələrində 347 həkim, 1098 nəfər orta, 900 nəfərə yaxın kiçik tibb işçisi çalışır.

İxtisaslaşmış tibb heyyətinin köməyi ilə bir sıra xəstəliklərin müalicəsi rayon daxilində həyata keçirilir. Ətraf rayonlardan olan xəstələrin əksəriyyəti Şəmkir rayonunun səhiyyə müəssisələrində müalicə olunur.

Rayonun səhiyyə müəssisələrində 2000 nəfərə yaxın xəstə üzərində uğurlu cərrahiyyə əməliyyatı aparılmışdır.

Rayonda əhalinin dispanserizasiyası və səyyar tibbi müayinəsi üçün tədbirlər planı təsdiq edilmiş və bu istiqamətdə işlər davam etdirilir.

Oktyabr ayında Mərkəzi rayon xəstəxanasında təşkil edilmiş qan vermə aksiyasında 1050 nəfər rayon sakini təmənnasız olaraq qan vermişdir.

Tibb müəssisələrində 3199 nəfər uşaq doğulmuşdur, bir yaşa qədər uşaqlar arasında 6 ölüm hadisəsi qeydə alınmışdır.

2013-cü ildə 56 nəfər həkim, 189 nəfər orta tibb işçisi Bakı şəhərində ixtisasartırma və təkmilləşdirmə kurslarında iştirak etmişdir.

Rayonun Ələsgərli kəndində 11 otaqlı yeni həkim məntəqəsi tikilib istifadəyə verilmişdir.

Səhiyyə sahəsində aparılan islahatlara baxmayaraq rayonun bir sıra tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti günün tələblərinə cavab vermir və tibb heyəti arasında intizamsızlıq halları müşahidə olunur. Şəmkir rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında rəhbərliyin zəif nəzarəti və məsuliyyətsizliyi nəticəsində intizamsızlıq halları daha çox müşahidə olunmuşdur. Yarıtmaz fəaliyyətinə görə Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Quliyev Aslan İbrahim oğlu tutduğu vəzifədən azad edilmişdir.

Rayon Gigiyena və Epidemiologiya mərkəzi və regional taun əleyhinə şöbə tərəfindən əhalinin sağlamlığının qorunması məqsədilə sanitar tədbirlər gücləndirilmişdir. Nəticədə əhali arasında yoluxucu xəstəliklər qeydə alınmamışdır.

Şəmkir şəhərində taun əleyhinə  şöbənin ərazisində bioloji təhlükəsizlik laboratoriyasının tikintisi başa çatdırılmışdır.

Rayonun mədəniyyət sahəsində 29 mədəniyyət evi, 29 klub, 73 kitabxana, 1 uşaq musiqi məktəbi, 2 muzey və Heydər Əliyev mərkəzi fəaliyyət göstərir. 

Mədəniyyət sistemində 642 nəfər, o cümlədən 483 nəfər mədəni maarif işçisi, 159 nəfər texniki işçi çalışır.

Mədəniyyət və Turizm şöbəsi tərəfindən mədəniyyət müəssisələrinin fəaliyyəti normal təşkil olunmuş, əhaliyə göstərilən mədəni xidmətin keyfiyyəti xeyli yaxşılaşmışdır.

Müxtəlif musiqi festivalları, baxış müsabiqələri keçirilmişdir. Rayon ərazisində yerləşən hərbi hissələrdə Mədəniyyət və Turizm şöbəsi tərəfindən konsertlər təşkil olunmuşdur.

Rayonda  tarix və mədəniyyət abidələrinin öyrənilməsi, qorunması və bərpası ilə bağlı tədbirlər davam etdirilir.

Muxtariyyat kəndi yaxınlığında yerləşən Qədim Şəmkir qalasında və Qaracəmirli kəndi yaxınlığında yerləşən qədim yaşayış yerində arxeoloji  qazıntılar davam etdirilmişdir.

Yeni tkilmiş Heydər Əliyev Mərkəzinin fəaliyyəti xeyli genişlənmişdir. Mərkəzdə ümummilli liderin irsinin öyrənilməsi, gənclərin vətənpərvərlik tərbiyəsi və digər kütləvi tədbirlərin keçilməsi ənənə şəklini almışdır.

       Heydər Əliyev Mərkəzində xüsusi proqram əsasında müasir Azərbaycan tarixinin tədrisi ilə bağlı qabaqcıl müəllimlərdən ibarət qrup yaradılmış və təlim prosesinə başlanılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıya uyğun olaraq rayonda gənclərin asudə vaxtlarının təşkili, onları narahat edən problemlərin həlli ilə bağlı tədbirlər davam etdirilmişdir.

Şəmkir şəhərində istifadəyə verilmiş “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi rayon gənclərinin asudə vaxtlarının səmərəli keçməsində və onların yaradıcılıq imkanlarının genişlənməsində mühüm rol oynayır.

 “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində rayon məktəbləri arasında rəsm, əl işləri və heykəltaraşlıq ekspanatlarından ibarət sərgilər, məşhur yazıçı və şairlərin kitablarının təqdimatları, intellektual oyunlar və digər tədbirlər keçirilmişdir. Mərkəzdə kompyuter, şahmat, rəsm və təsviri incəsənət, dekorativ tətbiqi sənət,  ingilis, alman, rus dilləri üzrə kurslar faliyət göstərir.

Hər həftənin bazar günləri  “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində respublikanın ali məktəblərinin tələbələrinin iştirakı ilə “parlaq zəka” intellektual oyunları keçirilir.

        Həmin    oyunlar “AZ TV 1” televiziya kanalında nümayiş etdirilir.

Şəmkir Olimpiya idman kompleksi və güləş məktəbi rayon gənclərinin əsas məşğuliyyət yerinə çevrilmişdir.

Bu günlərdə idmanın 12 növü üzrə ictimai əsaslarla idman federasiyaları yaradılmışdır. Güləş məktəbində hər gün 250-yə yaxın yeniyetmə və gənc idmanın sərbəst güləş növü ilə məşğul olur.                        

Hörmətli yığıncaq iştirakçıları!

Respublikamızda həyata keçirilən ən böyük iqtisadi layihələrdən biri olan Şəmkirçay su anbarının  tikintisi davam etdirilir.

Ümumi su tutumu 175 milyon kub metr, bəndinin hündürlüyü 190 metr olacaq bu su anbarının  tikintisi başa çatdıqdan sonra Şəmkir, Goranboy, Samux və Göygöl rayonlarında 75 min hektar, o cümlədən Şəmkir rayonunda 41 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq.

Şəmkirçay su anbarından  Gəncə, Şəmkir və Samux şəhərlərinə içməli su xətlərinin çəkilişi davam edir.   Şəmkirçay dəryaçasından 8 km uzunluğunda tunelin və 52 km uzunluğunda  əsas kanalların çəkilişi başa çatdırılmışdır. Su anbarının  qarşısında su elekrik stansiyası istifadəyə veriləcək.

Hazırda Şəmkirçay su anbarından çəkilmiş əsas kanallardan uzunluğu 800 km olan kəndarası kanalların və suvarma şəbəkəsinin çəkilişi üçün hazırlıq işlərinə başlanılmışdır. Bu məqsədlə Şəmkir rayon İcra Hakimiyyəti Başçısının 16 yanvar 2014-cü il tarixli 5 saylı Sərəncamı ilə komissiya yaradılmışdır.

Yuxarıda qeyd etdiyim kimi Nazirlər Kabinetinin son iclasında Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev Şəmkirçay dəryaçasının tikintisinin 2014-cü ildə başa çatdırılmasının vacibliyini vurğulamışdır.

İcazə verin bu böyük layihənin həyata keçirilməsində göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevə bütün Şəmkirlilərin səmimi təşəkkürünü və minnətdarlığını bildirim.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 194 nömrəli sərəncamı ilə Şəmkir şəhərinin içməli su xəttinin çəkilişinə və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılmışdır.

Hazırda “Azərsu” tərəfindən şəhərin içməli su təchizatı sisteminin yenidən qurulması işləri  davam etdirilir. Sərxan massivində ümumi su tutumu 11 min kub metr olan 4 su anbarının tikintisi başa çatdırılmışdır.

Şəmkir şəhəri əhalisinin 50 faizi yeni su kəmərindən istifadə edir.

Şəmkirçay dəryaçasından gələn suyu qəbul etmək üçün Şəmkir şəhərində su tutumu 3 min kub metr olan anbarın tikintisi üçün torpaq sahəsi ayrılmışdır.

“Akkord” şirkəti tərəfindən   Şəmkir şəhərinə içməli su xəttinin və şəhərin kanalizasiya xətlərinin çəkilişi davam edir.

Kanalizasiya şəbəkəsindən çıxan çirkab sularının təmizlənməsi məqsədilə rayonun Dəllər Cırdaxan kəndi ərazisində təmizləyici qurğunun tikintisi aparılır.

Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2012-ci il tarixli sərəncamına uyğun olaraq Bakı-Qazax magistral avtomobil yolundan Kür qəsəbəsinə gedən 12 km-lik yolun tikintisinə 3 (üç) milyon manat vəsait ayrılmışdır. “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yolun tikintisi başa çatdırılmışdır.

Bipi şirkətinin köməyi ilə Qaracəmirli-Təzəkənd kəndi arasında 8 km-lik yol yenidən tikilmişdir.

Şəmkir şəhərinin mərkəzində avtomobillərin hərəkətinin intensivliyini azaltmaq məqsədilə şəhər ətrafından keçən 10 km-lik dairəvi (Şəmkir-Gədəbəy) avtomobil yolunun və  Cəyir çayı üzərindən keçən körpünün bərpası başa çatdırılmışdır.

Hörmətli yığıncaq iştirakçıları !

2013-cü ildə Şəmkir rayonunda tikinti, quruculuq və abadlıq işləri davam etdirilmişdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayonun ümumtəhsil məktəblərinin maddi- texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilmişdir.

Son illər ərzində rayonun ümumtəhsil məktəblərindən 64-ü yenidən tikilmiş və əsaslı təmir olunmuşdur. Yeni tikilmiş 25 məktəb binasından 6-sı Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilmişdir.

         2013-cü ildə Sabirkənd kəndində 960 şagird yerlik, Zəyəm qəsəbəsində 480 şagird yerlik, Seyfəli kəndində 360 şagird yerlik, Qasım İsmayılov kəndində 360 şagird yerlik, Qaralar kəndində 180 şagird yerlik yeni məktəb binaları tikilmiş, Dağ Cəyir kəndində 220 şagird yerlik və Yeni Göyçə kəndində 160 şagird yerlik orta məktəb binalarında bərpa-gücləndirmə işləri  aparılmışdır.

       Hazırda Şəmkir şəhərində Təhsil Nazirliyi tərəfindən  Nizami Gəncəvi adına tam orta məktəb üçün 640 yerlik yeni məktəb binasının tikintisinə hazırlıq işlərinə başlanılmışdır.

        Şəmkir şəhərində Heydər Əliyev Mərkəzinin yeni binasının, ətrafındakı 14.5 hektar sahəsi olan parkın, Gənclər mərkəzinin, bayraq meydanının  ətrafda olan 4.5 hektarlıq parkın, beş mərtəbəli 80 yerlik mehmanxananın, Bakı Oksford məktəbinin 80 yerlik uşaq akademiyasının  və abidələr parkının, Dəllər qəsəbəsində Bakı-Oksford məktəbinin 100 yerlik yataqxana binasının tikintisi başa çatdırılmış, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası istifadəyə verilmişdir.

Şəhərin mərkəzində Atabankın, rayon Məhkəməsinin, Polis şöbəsinin, 14 saylı Ərazi Vergilər Idarəsinin, Statistika idarəsinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binalarının fasadları və dam öryükləri dəyişdirilmişdir. 20 Yanvar parkı xüsusi dizaynla yenidən qurulmuşdur.

        Ümumi uzunluğu 2.5  km olan Heydər Əliyev Prospektinin işıqlandırma sistemi yenidən qurulmuş, üç ədəd beş mərtəbəli ümumi yaşayış binalarının fasadları və dam öryükləri dəyişdirilmiş, səkilərə tamet döşənmiş, mərmər bardurlar düzülmüş, prospektə yeni asfalt örtüyü salınmışdır.

          2013-cü ildə Şəmkir şəhərinin mərkəzində yerləşən Səməd Vurğun,      Həzi Aslanov, M.Ə.Sabir, Nizami, İsrafil Məmmədov, Məhəmməd Fizuli, M.P.Vaqif, Həsən Əliyev, Mir Cəlal Paşayev, Əhməd Cavad və Vəli Xuluflu küçələrində 760 yaşayış evinin dam örtükləri dəyişdirilmiş, küçə divarları əsaslı təmir olunmuş, 720 yeni  darvaza qoyulmuş, evlərin fasadları və açıq eyvanlar qədim alman memarlığı üslubunda bərpa olunmuş, elektrik, təbii qaz, rabitə, su, kanalizasiya xətləri yenidən qurulmuş, küçə işıqlanma sistemi  xüsusi dizaynla bərpa olunmuş, səkilərə üzlük tamet döşənmiş küçələr asfaltlaşdırılmışdır.

         Hazırda şəhərin Hərbi şəhərcik adlanan sahəsində, M.Əzizbəyov, Rövşən Rəhimov, Rüstəm Əliyev  və Şəmkir  küçələrində fərdi yaşayış evlərinin dam örtükləri dəyişdirilməsi, su kanallarının yenidən qurulması, bardurların düzəldilməsi və küçələrə asfalt örtüklərinin salınması işləri davam etdirilir.

          Şəhərdə yeni xeyir –şər evinin tikintisi, küçələrdə abadlıq quruculuq və təmir işləri davam etdirilir.

   2013-cü ildə rayonda ağac əkmə işləri davam etdirilmişdir.

Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsinin ətrafında 17 min ədəd müxtəlif növ ağac əkilmişdir. Əkilmiş ağacların mühafizəsi və suvarılması üçün zəruri tədbirlər görülmüşdür.

2014-cü ilin yanvar ayında qurumuş və sıradan çıxmış iki mindən çox ağac yenisi ilə əvəz edilmişdir.

Şəmkir Meşə Mühafizəsi və bərpası müəssisəsi 6567 hektar meşə sahəsinə, o cümlədən  Şəmkir rayonu ərazisində 4500 hektar meşə sahəsinə xidmət edir.

2013-cü ildə müəssisə tərəfindən 71 ha sahədə ting əkini, 20 ha sahədə palıd toxumu səpilmişdir.

Hörmətli yığıncaq iştirakçılar!

Şəmkir rayonu Respublikamızın ən böyük kənd təsərrüfatı  rayonlarından biridir.

Rayon üzrə 181 min 610 hektar torpaq sahəsi vardır. Bundan 59 min 504 hektarı dövlət mülkiyyətində, 73 min 377 hektarı bələdiyyə mülkiyyətində, 48 min 729 hektarı isə xüsusi mülkiyyətdə olan torpaqlardır.

Əkinə yararlı 44 min 680 hektar torpaq sahəsinin 38 min 447 hektarı suvarma suyu ilə təmin edilmişdir.

Rayon İcra Hakimiyyəti tərəfindən kənd təsərrüfatının inkişafı və bu sahədə olan problemlərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülmüşdür.

2013-cü ildə 22 min 219 hektar sahədə taxıl əkilmişdir. Əkilmiş sahələrdən 85 min 93 ton məhsul əldə olunmuşdur. Hər hektardan məhsuldarlıq 38,2 sentner təşkil etmişdir. Bu respublika üzrə ən yüksək göstərici olmuşdur.

 Taxıl biçini optimal müddətdə itkisiz başa çatdırılmışdır. Bu işdə “Aqrolizinq”in Şəmkir filialının kollektivinin böyük əməyi olmuşdur.

2014-cü ilin məhsulu üçün 16 min 61 hektar sahədə taxıl səpilmişdir.

Rayonda bostan, tərəvəz və meyvə istehsalında yüksək məhsuldarlıq əldə olunmuşdur.

Belə ki, 2013-cü ildə 6397 hektar kartof sahəsindən 108 min 350 ton kartof, 6159 hektar tərəvəz sahəsindən 121 min 996 ton tərəvəz,            254 hektar bostan sahəsindən 5673 ton bostan məhsulları, 592 hektar günəbaxan sahəsindən 878 ton günəbaxan, 60 min 203 ton meyvə istehsal olunmuşdur. 

  2013-cü ilin yay aylarında havaların quraq keçməsinə baxmayaraq əkin sahələrinin su təchizatında heç bir problem olmamışdır. Bu işdə Şəmkir rayonunda fəaliyyət göstərən Şəmkir suvarma sistemləri, Şəmkir maşın kanal və subartezian quyularının istismarı idarəsinin kollektivlərinin böyük əməyi olmuşdur.

Rayon Subartezian quyularının istismarı idarəsi tərəfindən 746 ədəd subartezian quyusunun normal fəaliyyəti təmin edilmişdir. 2013-cü ildə 8 ədəd subartezian quyusu qazılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2014-cü il tarixli Sərəncamına uyğun olaraq rayonun 13 yaşayış məntəqəsinin hər birində bir ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur.

Sarıtəpə kəndi yaxınlığında “Azaqro” MMC-yə məxsus sahəsi 2.5 hektar olan   istilikxana kompleksində gül yetişdirilir.

Rayonun iqtisadiyyatında xüsusi yeri olan Şəmkir Quşçuluq fabrikinin fəaliyyəti bərpa olunmuşdur. Fabrikdə 420 min baş quş saxlanılır. Gündəlik 300 min ədəd yumurta istehal olunur. Hazırda müəssisədə 70 nəfər işçi çalışır.

Müsbət haldır ki, kənd əməkçiləri tərəfindən 1515 hektardan çox sahədə istilikxanalar tikilmiş və həmin sahədə tərəvəz məhsulları yetişdirilir.

 Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli sərəncamına uyğun olaraq rayonun kənd təsərrüfatı məhsulları  istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə 9463 nəfərə 1 milyon 441 min 429 manat, buğda istehsalçılarının maddi marağını artırmaq mədsədilə 2208 nəfər kənd təsərrüfatı istehsalçısına  344 min 773 manat yardım verilmişdir. İki nəfər buğda toxumu istehsalçısına 35 min manat yardım verilmişdir.

 Mineral gübrələrin güzəştli qiymətlərlə satılmasına görə 1017 nəfərə 347 min 58 manat dövlət büdcəsinin vəsaiti hesabına gübrə satılmışdır.

Bakı şəhərinin Xətai rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına hər həftə 80-90 ton olmaqla il ərzində 3510 ton  müxtəlif növ kənd təsərrüfatı məhsulları  göndərilmişdir.

Bildiyiniz kimi Şəmkir rayonu vaxtilə respublikamızın üçümçülük rayonlarından biri olmuşdur. Hazırda rayonda 526 hektar üzüm bağı vardır.

2013-cü ildə üzüm sahələrindən 21 min 956 ton məhsul toplanılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2011-ci il tarixdə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair "Dövlət Proqramı" nın təsdiq edilməsi haqqında Sərəncamına uyğun olaraq üzümçülüyün inkişaf etdirilməsi üçün rayonda zəruri tədbirlər  görülür.

Heyvandarlığın inkişafı, bu sahənin problemləri daim diqqət mərkəzində saxlanılmışdır.

İri buynuzlu mal-qaranın sayı 60 min 993 başa, qoyun və keçilərin sayı 285 min 408 başa çatmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə mal-qaranın sayı 408 baş, qoyun və keçilərin sayı 3238 baş artmışdır.

2013-cü ildə 9785 ton ət (diri çəkidə), 48 min 968 ton süd, 476 ton yun, 101 milyon 984 min ədəd yumurta istehsal olunmuşdur.

Keçən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 4.11 faiz, süd istehsalı 3.5 faiz, yun istehsalı 3.3 faiz yumurta istehsalı 2.5 dəfə artmışdır.  

Dövlət torpaqlarının icarə haqlarının toplanması işi diqqətdə saxlanılmış, 11 min   500 manat icarə haqqı toplanılaraq yerli büdcəyə köçürülmüşdür.

Rayonun Baytarlıq idarəsində 48 nəfər işçi çalışır. 2013-cü ildə idarə tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində mal-qara, qoyun-keçi və digər heyvanlar arasında infeksion xəstəliklər baş verməmişdir.

2013-cü ildə rayonda heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə 8 nəfər süni mayalama texniki tərəfindən 1462 baş inək  süni mayalandırılmışdır. Süni mayalanma yolu ilə 869 baş cins buzov alınmışdır.

Hörmətli yığıncaq iştirakçıları!

Rayon əhalisinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə tədbirlər  davam etdirilmişdir.

Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su təminatı məsələləri Rayon İcra Hakimiyyəti Başçısı yanında fəaliyyət göstərən şura  iclaslarında müntəzəm olaraq müzakirə edilmiş və həlli istiqamətində müvafiq tədbirlər  görülmüşdür.

Şəmkir Paylayıcı Elektrik Şəbəkəsində 169 nəfər işçi çalışır. Şəbəkə tərəfindən 48 min 353 abonentə, o cümlədən 45 min 047 nəfər əhali kateqoriyasından olan abonentə xidmət göstərilmişdir.

Əhalinin fasiləsiz elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədi ilə 2013-ci ildə rayon daxilində 62 km uzunluğunda elektrik verilişi xətlərində cari təmir işləri aparılmışdır.

2013-cü ildə 681 ədəd transformatorda cari təmir işləri aparılmış, 184 ədəd müxtəlif tipli dayaqlar dəyişdirilmişdir.

Rayon ərazisində 1721 ədəd “SMART kart” tipli sayğaclar quraşdırılmış 522 ədəd sayğac dəyişdirilmişdir.

İndiyədək rayon üzrə 14462 abonentin mənzilinə “SMART kart” tipli sayğac quraşdırılmışdır.

2014-cü ildə rayonun Zəyəm, Çinarlı qəsəbələrində, Düyərli və Şiştəpə  kəndlərində elektrik xətlərinin SİP kabeli və “SMART kart” tipli sayğaclarla əvəzlənməsi işi davam etdiriləcəkdir.

Rayon üzrə əhali tərəfindən 2013-cü ildə 93 milyon kilovatsaat elektrik enerjisi istehlak olunmuş və dəyəri 100 faiz ödənilmişdir.

Əhalinin fasiləsiz elektrik enerjisi və təbii qaz təchizatı ilə yanaşı bu sahədə olan neqativ hallara, xüsusilə oğurluq və israfçılıq hallarına qarşı mübarizə tədbirləri davam etdirilmişdir.

Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi Məhdud Məsuliyyətli Cəmiyyətinə istehsal gücü 380 meqovat olan Şəmkir Su Elektrik Stansiyası, istehsal gücü 150 meqovat olan Yenikənd Su elektrik stansiyası daxildir. 2013-cü ildə Şəmkir SES üzrə planda nəzərdə tutulmuş 557.5 milyon kilovat saat əvəzinə 571.5 milyon kilovat saat elektrik enerjisi istehsal edilmiş, plana 102.6 faiz əməl edilmişdir. Yenikənd SES üzrə 244.0 milyon kilovat saata qarşı 252.4 milyon kilovat saat elektrik enerjisi istehsal edilərək plana 103.4 faiz əməl olunmuşdur.

Şəmkir Su Elektrik Stansiyaları silsiləsi üzrə planda nəzərdə tutulmuş 801.1 milyon kilovat saat elektrik enerjisi əvəzinə 823.9 milyon kilovat saat elektrik enerjisi istehsal edilmiş, plana 103.0 faiz əməl olunmuşdur.

Hazırda Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi Məhdud Məsuliyyətli Cəmiyyətdə 156 nəfər işçi çalışır.

Şəmkir Qaz Istismar Sahəsi tərəfindən 34 min 987 abonentə xidmət göstərilir.  Qaz Istismar Sahəsində 176 nəfər işçi çalışır.

Rayonda 1 şəhər, 4 qəsəbə, 40 kənd, 164 sənaye və 61 büdcə təşkilatı təbii qazdan istifadə edir. Hazırda rayon əhalisinin 95 faizi təbii qazla təmin olunmuşdur.

Dövlət Proqramına uyğun olaraq rayonun yaşayış məntəqələrinin qazlaşdırılması prosesi davam etdirilir.

2013-cü ildə rayon ərazisində 511.5 paqonometr daxili qaz xətləri dəyişdirilmiş, Şəmkir şəhərinin mərkəzində 23.721 paqonometr müxtəlif diametrli borular dəyişdirilərək yeraltı polietilen borularla əvəz edilmişdir.  

İstismar müddəti bitmiş və xəta ilə işləyən 10568 ədəd qaz sayğacı yenisi ilə əvəz olunmuşdur. Qılıncbəyli kəndinə təbii qazın verilişi bərpa olunmuşdur.

Şəmkir şəhərinin Sərxan  yaşayış  massivində  daşıyıcı qaz xətlərinnin  və evlərin qazlaşması ilə bağlı işlər davam etdirilir.   

Hazırda rayonun Bayramlı, Muxtariyyat və Qaralar kəndlərinin birpilləli sistem əsasında  qaz təchizatının bərpası işləri aparılır.

2014-cü ilin birinci yarısında həmin kəndlərin qaz təchizatı bərpa olunacaqdır.

2013-cü ildə əhali tərəfindən istehlak olunmuş təbii qazın dəyərinin ödənişi 100 faizdən çox olmuşdur.

Əhalinin içməli su təchizatı rayon İcra Hakimiyyəti Başçısı Aparatının diqqət mərkəzində saxlanılmışdır. Şəmkir şəhərində və digər yaşayış məntəqələrində su kəmərlərinin, subartezian quyularının və kəhrizlərin normal fəaliyyəti təmin edilmişdir. Rayon üzrə içməli suyun dəyəri 100 faiz ödənilmişdir.

2013-cü ildə rayonun avtomobil nəqliyyatı vasitəsi ilə 2 milyon  224 min  ton, ötən ilin eyni dövrü ilə müqayisədə 7.2  faiz çox yük daşınmışdır.

Poçt və rabitə müəssisələri tərəfindən əhaliyə 1 milyon 570 min manatlıq xidmət göstərilmişdir. Proqnoz tapşırıqlarına 111 faiz əməl edilmişdir.

Kür qəsəbəsində və Mahmudlu kəndində müasir üslubda yeni poçt binaları tikilmişdir. Hazırda Çənlibel kənd poçt şöbəsinin inzibati binasında əsaslı təmir işləri aparılır.

2014-cü ildə rayonun Muxtariyyat, Qapanlı, Dəllər Cəyir və Əliyaqublu kəndlərində müasir tipli poçt binalarının tikilməsi nəzərdə tutulmuşdur.

Rayonda gənclərin ordu sıralarına hazırlığına diqqət artırılmışdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi  tərəfindən gənclərin  həqiqi hərbi xidmətə göndərilməsi tapşırığı vaxtında yerinə yetirilmişdir. Çağırış  yaşlı gənclər arasında çağırışdan yayınma halları qeydə alınmamışdır.  

Rayonda dini durum sabit olaraq  qalmış,  dini qurumların fəaliyyətində qanuna zidd heç bir hadisə qeydə alınmamışdır.

Rayonda rəsmi mətbuat orqanlarına, eləcədə  digər  qəzet və jurnallara abunə yazılışı  diqqət mərkəzində  saxlanılmışdır.

       “Şəmkir” qəzetinin  ayda bir dəfə  çıxması  təmin edilmişdir. 

 Rayonun ictimai-siyasi həyatında qazanılmış uğurlarda hüquq-mühafizə orqanlarının da əməyi az olmamışdır.

 Rayon İcra Hakimiyyəti Başçısı Aparatı ilə rayonun Hüquq mühafizə orqanlarının birgə və qarşılıqlı fəaliyyəti rayon daxilində olan bir çox problemlərin həllinə öz müsbət təsirini göstərmişdir.

Rayonda cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin qorunması işinin yaxşılaşdırılması məqsədilə qabaqlayıcı-profilaktiki, əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidenti  cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq korrupsiyaya qarşı mübarizə rayon icra hakimiyyətinin daimi nəzarətində olmuşdur.

Korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının yeni tərkibi təsdiq edilmişdir.

Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşların müraciətlərinə baxılması və qəbulunun təşkili işinə diqqət artırılmışdır.

Hazırda rayon ərazisində əhaliyə göstərilən xidmətlərin elektron sisteminə keçidi ilə əlaqədar intensiv işlər aparılır.

Rayonda bələdiyyələrin işinin istiqamətləndirilməsi, şəhər, qəsəbə və kəndlərin sosial-iqtisadi problemlərinin həllində yerli icra nümayəndələri ilə birgə fəaliyyətlərinin təmin edilməsi sahəsində işlər davam etdirilmişdir.

Bir sıra bələdiyyələr öz ərazilərinin sosial problemlərinin həllində fəallıq göstərirlər.

Rayon bələdiyələri tərəfindən “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində 2013-cü ilin noyabr ayının 25-dən dekabr ayının 1-dək  keçirilmiş tədbirlərdə  241 görüş keçirilmişdir. Görüşlərdə 21223 nəfər iştirak etmiş və 1284 nəfər vətəndaş qəbul edilmişdir. Keçiriləcək tədbirlərdə bələdiyyələr tərəfindən  2013-cü ildə həyata keçirilmiş layihələr barədə hesabat verilmiş və “ Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində 2014-cü ildə həyata keçirəcəkləri layihələri müəyyənləşdirmişlər.  

Şəmkir, Çinarlı, Zəyəm Cırdaxan, Qapanlı, Qasım İsmayılov  Sarıtəpə, Könüllü, Çənlibel, Düyərli, Şiştəpə, bələdiyyələri əhalinin sosial problemlərinin həllində xeyli iş görmüşlər.

Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatının və Yeni Azərbaycan Partiyasının Şəmkir rayon Təşkilatının birgə fəaliyyəti rayonda ictimai-siyasi duruma öz müsbət təsirini göstərmişdir. Sıralarında 9846 nəfər partiya üzvünü birləşdirən Yeni Azərbaycan Partiyası  Şəmkir rayon Təşkilatı rayonun ictimai-siyasi həyatında aparıcı bir qüvvəyə çevrilmişdir. Rayonda digər siyasi partiyaların da fəaliyyətinə mövcud qanunvericiliyə uyğun olaraq normal şərait yaradılmışdır.

Hörmətli yığıncaq  iştirakçıları!

Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatının fəaliyyətinin mühüm hissəsini rayonda 2013-cü ilin oktyabr ayının 9-da  keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq işləri təşkil etmişdir. Prezident seçkilərinin keçirilməsi ilə əlaqədar bütün tədbirlər Azərbaycan Respublikasının seçki məcəlləsinin müddəalarına və digər normativ hüquqi sənədlərə uyğun olaraq  təşkil edilmişdir.

Prezident  seçkiləri ilə əlaqədar rayonda 3 dairə və 107 məntəqə seçki komissiyası təşkil olunmuşdur. Dairə və məntəqə seçki komissiyaları bütün növ avadanlıq və zəruri vasitələrlə vaxtında təmin edilmişdir.

Rayonda seçkilərin azad, şəffaf və demokratik şəraitdə keçirilməsini təmin etmək məqsədilə  Rayon  Icra  Hakimiyyəti Başçısı Aparatında geniş tədbirlər planı  təsdiq edilmiş, bütün namizədlərin öz seçiciləri ilə görüş yerləri müəyyənləşdirilmişdir.

Prezidentliyə namizədlərin seçkiqabağı təbliğat kompaniyası dövründə heç bir ayrıseçkiliyə yol verilməmiş, namizədlərin hər birinə eyni qayda da şərait yaradılmışdır.   

 Prezident seçkiləri ilə əlaqədar rayonda heç bir qanun pozuntusuna yol verilməmişdir.

       Şəmkir rayonunun seçiciləri 9 oktyabr 2013-cü il tarixdə Prezident seçkiləri günü əsl vətənpərvərlik nümunəsi göstərərək , Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursa sadiq olduqlarını bir daha nümayiş etdirmişlər.

Seçici siyahılarında olan 110 min 479 nəfər seçicidən 78 min 875 nəfəri və ya  71,39 faizi səsvermədə iştirak etmişdir.

         Seçicilərin  66 min 660 nəfəri, yəni 85,34 faizi cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinə səs vermişlər.

         Yenidən Azərbaycan Respublikasının  Prezidenti seçilməsi münasibəti ilə Cənab İlham Əliyevi bir daha səmimi qəlbdən təbrik edir, ona yeni- yeni nəaliyyətlər və can sağlığı arzulayıram. 

Hesabat dövründə Rayon İcra Hakimiyyəti Başçısı Aparatında və ərazi nümayəndəliklərində idarəetmənin təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Dövlət idarəçiliyində müasir iş üslubu və metodlarından istifadə edilməklə bu sahədə olan nöqsanların aradan qaldırılmasına nail olunmuşdur.

İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklər öz fəaliyyətlərini müasir tələblər səviyyəsində qurmuşlar.

“Dövlət qulluğu haqqında”Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə uyğun olaraq rayon icra hakimiyyəti başçısı aparatında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan 27 nəfər dövlət qulluqçusu tutduğu vəzifədən azad edilmiş və onların yerinə ali təhsilli gənc kadrlar təyin edilmişdir.

Ümumiyyətlə son 9 ildə Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatında və digər yerli dövlət orqanlarında 85-dən çox gənc kadr məsul vəzifələrə təyin edilmişdir.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatında vətəndaşların qəbuluna və müraciətlərinə baxılması işinə başlıca diqqət yetirilmişdir.

Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatına 2266 ədəd müraciət daxil olmuşdur. Müraciətlərdən 1573 ədədi ərizə, 677 ədədi şikayət, 16-sı təklif olmuşdur.

Daxil olan müraciətlərin əksəriyyəti mənzil (842 ədəd), Əmək və əhalinin müdafiəsi məsələlərinə (243 ədəd), sahibkarlığın inkişafına dair (277 ədəd) olmuşdur. Bələdiyyələrin fəaliyyəti ilə bağlı 129 şikayət xarakterli müraciət daxil olmuşdur.

Müraciətlərdən 913 ədədi müsbət, 125 ədədi qismən həll edilmiş, 743 müraciətə müvafiq izahat verilmiş, 387 müraciət əsassız sayılmış, 45 ədədi aidiyyatı üzrə göndərilmiş, 18 müraciətin icrası nəzərdə tutulmuşdur.

Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatında rayon icra hakimiyyətinin başçısı və onun müavinləri tərəfindən 1947 nəfər vətəndaş qəbul edilmişdir.

Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən yerlərdə 51 səyyar qəbul keçirilmişdir. Qəbullarda 9689 nəfər iştirak etmiş və onlar tərəfindən 330 təklif irəli sürülmüşdür. Təkliflərdən 41-i yolların təmirinə, 106-sı əkin sahələrinin suvarılmasına, 50-si transformatorların və elektrik dayaqlarının təmirinə, 30-u məktəb tikintisinə və uşaq bağçalarının təmirinə, 48-si torpaq tələbinə dair, 34-ü ünvanlı sosial yardım verilməsinə, 10-u qaz xətlərinin çəkilişinə, 3-ü Smart kart tipli sayğacların quraşdırılmasına və 8-i digər məsələlərə dair olmuşdur.

Təkliflərin 304-ü müsbət həll edilmiş, 12-nin icrası nəzarətə götürülmüş, 14-ü isə tövsiyyə xarakterli olmuşdur.

Qeyd etmək lazımdır ki, rayon icra hakimiyyətinə daxil olan müraciətlərin bir hissəsini əsassız, həlli mümkün olmayan təkrar ərizə və şikayətlər təşkil edir. Belə müraciətlər adətən bir qrup peşəkar şəxslər tərəfindən yazılır və araşdırma zamanı öz təsdiqini tapmır.

Müraciətlərin təhlili göstərir ki, rayonun idarə, müəssisə və təşkilatlarında vətəndaşların qəbulu işi mövcud qaydalara uyğun olaraq təşkil olunmur. Yerli dövlət qurumlarının və digər təşkilatların rəhbərləri tərəfindən vətəndaşların qəbulu zamanı qaldırdıqları məsələlərə həssaslıqla yanaşılmadığından onlar rayon icra hakimiyyətinə və mərkəzi dövlət orqanlarına müraciət etməli olurlar.

Belə hallar vətəndaşların narazılığına, rayonda ərizə və şikayətlərin sayının artmasına səbəb olur.

Mərkəzi icra orqanlarına vətəndaşlar tərəfindən  daha çox Şəmkir şəhərdən (507 ədəd), Kür (82 ədəd), Zəyəm  (66 ədəd), Dəllər (47 ədəd) qəsəbələrindən  Qaracəmirli (63 ədəd) , Təzəkənd (62 ədəd), Abbaslı (54 ədəd), Aşağı seyfəli (45 ədəd), Qapanlı ( 40 ədəd), Könüllü (37 ədəd), Yuxarı Seyfəli (34 ədəd) və Dəllər Cəyir(32 ədəd) müraciətlər göndərilmişdir.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatında təsdiq olunmuş qrafik əsasında 48  ərazi nümayəndəliyində 2013-cü ilin yekunları ilə bağlı hesabat yığıncaqları keçirilmişdir. 

Yığıncaqlarda 227 tənqidi qeyd və təklif irəli sürülmüşdür. İrəli sürülmüş təklif tənqidi qeydlərin bir hissəsi yerindəcə həll edilmiş, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər planı hazırlanmışdır.

Hörmətli yığıncaq iştirakçıları!  

2014-cü ildə Şəmkir rayonunun sosial-iqtisadi inkişafı sahəsində bir sıra mühüm layihələrin və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Rayonun Muxtariyyat, Bayramlı və Qaralar kəndlərinin qaz təchizatı bərpa ediləcək.

Şəmkirçay su anbarının tikintisi başa çatdırılacaq.

Şəhərin içməli su və kanalizasiya sisteminin tikintisi davam etdiriləcək.

Şəmkir şəhərində Nizami Gəncəvi adına tam orta məktəbin 640 şagird yerlik binası tikilib istifadəyə veriləcək.

Rayon Mərkəzi Xəstəxanasının tikintisinə  başlanılacaq.

Kür qəsəbə Xəstəxanasının əsaslı təmirinə  başlanılacaq.

Rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yeni yaşayış binasının tikintisinə başlanılacaq.

Şəmkir şəhərinin daxilində binaların fəsadlarının və dam örtüklərinin dəyişdirilməsi, küçələrdən keçən arxların və bardurların yenilənməsi, küçələrə yeni asfalt beton örtüyünün salınması işləri davam etdiriləcək. 

Rayon daxilində avtomobil yollarının əsaslı təmir işləri həyata keçiriləcək.

  Hörmətli yığıncaq iştirakçıları!

Şəmkir rayonu Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində  gündən-günə inkişaf edir, daha da abadlaşır və gözəlləşir. Şəmkirin gələcəyi daha gözəl olacaqdır.

Bu inamı bizə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin   respublikamızda həyata keçirdiyi uğurlu sosial-iqtisadi kursu verir.

Şəmkir rayon İcra Hakimiyyəti  Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevi əmin edir ki, şəmkirlilər Prezidentimizin siyasi kursuna uyğun olaraq rayon iqtisadiyyatının dinamik inkişafı və əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün daim məqsədyönlü işlər görəcəklər.

Diqqətinizə görə sağ olun!  

Azərbaycan xalqına eşq olsun!

Yaşasın müstəqil Azərbaycan Respublikası!

Azərbaycan Respublikasının möhtərəm Prezidenti  cənab İlham Əliyevə eşq olsun!

Qoy zəhmətkeş şəmkirlilərin həyatı bundan sonra daha gözəl, daha firavan olsun!  

Keçidlər