Şəmkirdə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş tədbir keçirildi.
31 mart 2016-cı il tarixində Şəmkir rayonu Şəhidlər Xiyabanında “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov, Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak etmişlər.
Tədbirdə çıxışlarda bildirilib ki, erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşib. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni ideoloqların uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olub. XIX əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqları olan Qarabağa, Zəngəzura, İrəvan quberniyasına, Naxçıvana və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülüb.
Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasəti 1918-1920-ci illərdə daha geniş yayılıb. Onlar Bakıda, Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və digər ərazilərdə azərbaycanlıları amansızlıqla, vəhşicəsinə qətlə yetiriblər. Bu qanlı hadisələrin daha dəhşətlisi 1918-ci il martın 31-də törədilib. Həmin il martın 30-da erməni–bolşevik birləşmələrinin Bakını Xəzər dənizindən yaylım atəşinə tutması ilə başlanan hadisələrin ardınca martın 31-də və aprelin 1-2-də qəddarlıqla həyata keçirilən qırğınlar kütləvi hal alıb, silahlanan erməni əsgərləri dinc əhalini vəhşicəsinə məhv ediblər. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində 10 mindən çox, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı amansızlıqla qətlə yetirilib, yaşayış binaları, məscidlər və məktəblər yandırılıb. Lakin təəssüflər olsun ki, bu soyqırımına hüquqi-siyasi qiymət verilməyib. Yalnız ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında həmin hadisələrə hüquqi-siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldığı ilk dəfə rəsmi olaraq bildirilib.